UFC-nin sahibi olan "TKO Group Holdings" şirkəti Bakıda keçirilən "UFC FIGHT NIGHT: FIZIEV vs TORRES" turnirinin yekunlarını açıqlayıb.
Apasport.az xəbər verir ki, təşkilatçılar tədbirin böyük uğurla başa çatdığını vurğulayaraq, Milli Gimnastika Arenasının tribunalarının tam dolduğunu və turnirin rəqəmsal platformalarda yüksək nəticələr əldə etdiyini bildiriblər.
Məlumatda qeyd olunur ki, UFC-nin rəsmi sosial media hesablarında turnirlə bağlı yayımlanan kontent 612,9 milyondan çox təəssürat və 297,3 milyon video baxış toplayıb.
Döyüş həftəsi ərzində 50 milyondan çox izləyicisi olan rəsmi Instagram hesabında hər gün Bakıdan paylaşımlar edilib, dünya auditoriyasına turnirə hazırlıq prosesi, döyüşçülər və tədbirin pərdəarxası məqamları çatdırılıb.
Xüsusilə qeyd edilməlidir ki, Bakıda keçirilən UFC turniri ilk dəfə olaraq dünyanın ən böyük striminq platformalarından biri olan "Paramount+" vasitəsilə canlı yayımlanıb.
Qeyd edək ki, platformanın qlobal auditoriyası 80 milyona yaxın abunəçini əhatə edir.
Bakıdakı turniri 72 ölkədən gələn 11 minə yaxın tamaşaçı izləyib. Tədbir beynəlxalq medianın da diqqət mərkəzində olub – UFC Bakı gecəsini 114 yerli və xarici media nümayəndəsi işıqlandırıb.