“Xəzərin piratı” ləqəbli Şarabutdin Maqomedov iyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək "UFC Fight Night" turniri üçün Azərbaycana gəlib.
Apasport.az xəbər verir ki, rusiyalı döyüşçü “UFC Fight Night: Fiziev vs Torres” turnirinin ikinci əsas qarşılaşmasında orta çəkidə braziliyalı Miçel Pereyra ilə üz-üzə gələcək.
Şarabutdin Maqomedov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında Bakıda olmaqdan məmnunluğunu ifadə edib və qarşıdakı döyüşə tam kökləndiyini bildirib.
“Xəzər dənizinin piratı Bakıdadır. Burada olmaqdan çox məmnunam. Özümü əla hiss edirəm, əhvalım yüksəkdir və bütün diqqətimi qarşıdakı döyüşə yönəltmişəm. Qarşıdakı günlərdə uyğunlaşma prosesini keçəcəyəm, hazırlığı və çəkisalma mərhələsini tamamlayıb döyüşə ən yaxşı formada çıxacağam”, – deyə Maqomedov vurğulayıb.
Döyüşçü azarkeşlərə yaddaqalan qarşılaşma vəd edərək oktaqonda Qafqaz ruhunu nümayiş etdirmək istədiyini söyləyib:
“Azarkeşlərə parlaq və yaddaqalan döyüş hədiyyə etmək, oktaqonda əsl Qafqaz ruhunu nümayiş etdirmək istəyirəm. Bilirəm ki, Bakıya çoxlu dostlarım, qohumlarım və həmyerlilərim gələcək. Əminəm ki, arena tam dolacaq və bizi möhtəşəm atmosfer gözləyir. Dəstəyə görə hər kəsə təşəkkür edirəm. İyunun 27-də "UFC Fight Night Baku"da görüşərik”.
Qeyd edək ki, UFC tarixində ilk dəfə Bakıda təşkil olunacaq turnir iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Şarabutdin Maqomedovun Miçel Pereyra ilə qarşılaşması gecənin ən maraqla gözlənilən döyüşlərindən biri hesab olunur.