
Almaniyanın Duysburq şəhərində 32-ci Ümumdünya Yay Universiadasının (FİSU) açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, atəşfəşanlıqla başlayan tədbirdə Şimali Reyn və Vestfaliya regionunun baş naziri Hendrik Vüst çıxış edərək idmançılara uğurlar arzulayıb.
Daha sonra iştirakçı ölkələrin paradı olub. Paradda Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları bədii gimnast Ləman Əlimuradova və taekvondoçu Eltac Qafarov olublar. Qeyd edək ki, Universiadada Azərbaycan 12 idman növü üzrə 71 idmançı ilə təmsil olunur.
Paraddan sonra dünyaya sülh mesajları verilib. Stadionun üzərində sülh rəmzi olan ağ göyərçin maketi dövrə vurub, havaya ürək formalı bəyaz şarlar buraxılıb.
Ardınca FİSU-nun prezidenti Leonz Eder çıxış edib. Sonra idmançı və hakimlər adından andiçmə olub və oyunların məşəli stadiona gətirilib.
Tədbir bədii hissə ilə davam edib və mərasimə atəşfəşanlıqla yekun vurulub.