Gimnastlarımız beynəlxalq turnirdə 7 medal qazanıblar
08.09.2025 - 14:49
Gimnastlarımız beynəlxalq turnirdə 7 medal qazanıblar

5-7 sentyabr tarixlərində San-Marino şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.

Apasport.az xəbər verir ki, yarışda ölkəmizi böyüklər yaş kateqoriyası üzrə İlona Zeynalova, Gövhər İbrahimova, Zəhra Cəfərova, gənclər yaş kateqoriyasında Şəms Ağahüseynova və Azadə Atakişiyeva təmsil ediblər.

Gimnastlarımız uğurla çıxış edərək ümumilikdə 7 medal qazanıblar.

Birinci final günündə çoxnövçülük proqramında Azadə Atakişiyeva (93.884 xal) və Zəhra Cəfərova (97.650 xal) bürünc medal əldə ediblər.

İkinci final günündə isə gimnastlarımız bizə 5 medal sevinci yaşadıblar. Şəms Ağahüseynova top (23.917 xal) və lent (24.133 xal) proqramlarında qızıl medal qazanıb.

Azadə Atakişiyeva gürzlərlə (25.000 xal) proqramda qızıl, halqa (24.167 xal) proqramında isə gümüş medal əldə edib. Gövhər İbrahimova isə gürzlərlə (25.567 xal) proqramda bürünc medalın sahibi olub.