
Sabah Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Universiadasına start veriləcək.
Apasport.az xəbər verir ki, üçüncü dəfə keçiriləcək oyunlar 6 (güləş, cüdo, şahmat, stolüstü tennis, voleybol, futzal) idman növünü əhatə edir.
Yarışda güləşin sərbəst və yunan-Roma növləri üzrə olimpiya çəkilərində mübarizə baş tutacaq. Reqlamentə əsasən, 17-25 yaş arası tələbə idmançıların çıxış edəcəyi Universiadada güləş yarışları sentyabrın 6-7-də “Ruh Ordo” mədəniyyət mərkəzinin idman zalında keçiriləcək.
Sərbəst güləşdə böyük məşqçi Arif Abdullayev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (74 kq), Əşrəf Aşırov (86 kq), İslam İlyasov (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaq.
Yunan-Roma güləşində isə ölkəmizi məşqçilər Akif Əliyevlə Zöhrab Abbasovun rəhbərliyi altında Vədat Qasımlı (60 kq), Roman Kərimov (67 kq), Cavad Məmmədov (77 kq), Orxan Hacıyev (87 kq), Əli Quliyev (97 kq) və Məzaim Mərdanov (130 kq) təmsil edəcək.
Qeyd edək ki, sentyabrın 6-da sərbəst güləşdə 57, 74 və 97, yunan-Roma güləşində isə 60, 77 və 97 kq-da qaliblər müəyənləşəcək. Növbəti gün digər çəkilərdə medalçıların adına aydınlıq gələcək.