Azərbaycan Güləş Federasiyasının (AGF) regionlarda güləşin inkişafı və idman infrastrukturunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər davam edir.
Apasport.az xəbər verir ki, bu fəaliyyətin tərkib hissəsi olaraq, 01 noyabr 2025-ci il tarixində Mərkəzi Ordu İdman Klubunun (MOİK) təşəbbüsü ilə Mingəçevir şəhərində yerləşən 18 nömrəli tam orta məktəbdə sərbəst güləş bölməsi yaradılıb.
Klub tərəfindən təyin edilmiş məşqçi-müəllim Anar Bayramovun rəhbərliyi altında qısa müddət ərzində məşq edən yeniyetmə və gənclərin sayı 100 nəfərə çatıb. Azərbaycan Güləş Federasiyası tərəfindən güləş xalçası hədiyyə edilən, həmçinin digər zəruri idman avadanlıqları ilə təchiz olunan zal iyulun 4-də rəsmi olaraq istifadəyə verilib.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Mərkəzi Ordu İdman Klubunun rəisi Vüqar Əsgərov, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, AGF-nin baş katibi Pərvin Piriyev, AGF-nin Etika və İntizam Komitəsinin üzvü Firdovsi Umudov və Mərkəzi Aran bölgəsinin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Güləş zalında yaradılmış şəraitlə tanış olan qonaqlar idmançılarla söhbət edib, onlara öz tövsiyələrini çatdırıblar. Bildirilib ki, Mingəçevir idman potensialı yüksək olan şəhərdir. Burada gələcəkdə idman infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu zal Mingəçevirdə sərbəst güləşin inkişafına, istedadlı idmançıların yetişməsinə və ölkə güləşinin uğurlarına yeni töhfələrin verilməsinə mühüm zəmin yaradacaq.
- Yunan-Roma güləşində ilk çempionlar müəyyənləşib
- Dörd çimərlik güləşçimiz Batumidə Dünya Seriyasına uğurla start verib
- Azərbaycanın altı çimərlik güləşçisi Dünya Seriyasının III mərhələsində iştirak edəcək
- Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edilib
- Azərbaycan Güləş Federasiyası MÜTDA ilə birlikdə yeni layihəyə start verib