
"U20 Avropa çempionatında 3 idmançımızdan 2-si qızıl medal qazanmışdı. Bu yarışda da eyni nəticəni gözləyirdik. Buna çox yaxın idik".
Apasport.az xəbər verir ki, bunu qadın güləşi üzrə milli komandanın baş məşqçi əvəzi Toğrul Əsgərov deyib.
O, milli üzvlərinin mundialdakı çıxışını şərh edib:
“Günay yarımfinalda, Ruzanna isə finalda son anda qələbəni əldən verdi. Yeniyetmə və gənclərdə belə halların yaşanmasına normal baxıram. Azu edirəm ki, bu səhvləri böyüklərin dünya çempionatında, Olimpiya Oyunlarında təkrarlamayaq. Daha çox çalışaq, daha çox əzmkarlıq göstərək. Komandamız gənc, yolumuz uzun, hədəfimiz çox böyükdür. Federasiya tərəfindən güclü dəstək var. Çalışacağıq ki, bu dəstəyin, diqqətin layiqincə cavabını verək. İnşallah, hər şey istədiyimiz kimi olar. Bəzən ardıcıl yarışlarda iştirak qızlarda psixoloji yorğunluğa səbəb olur. Bütün bunlara baxmayaraq, həm Avropa, həm də dünya çempionatında 3 çəkidə 2 medal qazanmaq böyük uğurdur. Bu qızların böyük potensiala sahib olmaları çox sevindirici haldır”.
Qeyd edək ki, Azərbaycanın qadın güləşçiləri dünya çempionatında 1 gümüş və 1 bürünc medal qazanıblar.