Azərbaycanın bayraqdarı: “Geriyə yol yoxdur — mən yalnız irəli baxıram”
05.10.2025 - 18:10
Azərbaycanın bayraqdarı: “Geriyə yol yoxdur — mən yalnız irəli baxıram”

III MDB Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarı olmuş karateçi Asiman Qurbanlı yarışların gümüş medalçısı olub.

Apasport.az xəbər verir ki, o, qazandığı medal barədə təəssüratlarını jurnalistlərlə bölüşüb.

“Əslində hisslərim qarışıqdır. Komandadakı ən yaşlı idmançı mənəm – 33 yaşım var. İki dəfə əməliyyat keçirmişəm və qarşıma məqsəd qoymuşdum: mümkün qədər tez bərpa olunub bu Oyunlarda iştirak etmək. Cəmi iki ay ərzində sağalaraq yarışlara qatıla bildim. Bu, çox qısa vaxtdır, amma düşünürəm ki, özü-özlüyündə kifayət qədər ciddi bir nailiyyətdir. Yaş və zədələr özünü göstərir, amma buna baxmayaraq, bəzən gənc idmançılardan daha yaxşı nəticələr göstərirəm. Son iki-üç ayda yenidən tam gücümlə məşqlərə başlamışam və formamı daha da yaxşılaşdıracağıma inanıram,” – deyə Asiman Qurbanlı bildirib.

Təcrübəli karateçi yarışlarda psixoloji təzyiqin də az olmadığını gizlətmir: “Məğlub olmağı sevmirəm. Uduzanda bunu çox ağır qəbul edirəm. Bəzən özümü tənqid edir, özümə qarşı sərt oluram. Amma bu hissləri ictimaiyyət qarşısında büruzə verməməyə çalışıram. Bunlar mənim daxilimdə yaşadığım emosiyalardır".

Azərbaycan bayrağını daşımaq Asiman Qurbanlı üçün xüsusi qürur mənbəyidir: “Azərbaycanın bayrağını arenaya çıxarmaq mənim üçün böyük şərəf idi. Xüsusilə də mərasimdə Prezident İlham Əliyevin iştirak etməsi bu anı mənim üçün daha da yaddaqalan etdi. Bu, həyatımın ən əhəmiyyətli və unudulmaz anlarından biri oldu".