İyunun 25-də saat 11:00-da Azərbaycan Voleybol Federasiyası (AVF) və Milli Olimpiya Komitəsinin (MOK) birgə təşkilatçılığı ilə məşqçilər üçün “Təhlükəsiz idman - hamı üçün” mövzusunda seminar keçiriləcək.
Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq seminar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sertifikatlaşdırılmış MOK-un təhlükəsiz idman üzrə inspektoru Vaqif Əliyev və AVF-nin təhlükəsiz idman üzrə məsul şəxsi, federasiyanın idman şöbəsinin direktoru Şir-Aslan Kərimov tərəfindən aparılacaq.
Tədbirdə “Təhlükəsiz idman” təşəbbüsünün mahiyyəti, əsas prinsipləri və tətbiq mexanizmlərinə dair təqdimat nümayiş olunacaq, iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat veriləcək.
Olimpiya Həmrəyliyi Fondunun (Olympic Solidarity) dəstəyi ilə həyata keçirilən proqramın məqsədi idman mühitində təhlükəsizliyin təmin olunması, risklərin minimuma endirilməsi və beynəlxalq standartlara uyğun fəaliyyət mexanizmlərinin tətbiqidir. Seminar təhlükəsiz və sağlam idman mühitinin formalaşdırılmasına, bu istiqamətdə maarifləndirmənin gücləndirilməsinə və müasir yanaşmaların təşviqinə xidmət edir.