
Misli Premyer Liqasının XXXVI turunun "Turan Tovuz" - "Kəpəz" matçından (4:0) sonra qonaqların baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:
"Oyun barədə çox danışmağa dəyməz. Nəticə mənim üçün əvvəldən bəlli idi. "Turan Tovuz"u təbrik edirəm".
- Artıq hamıya bəllidir ki, "Kəpəz"in baş məşqçisi postundan getmisiz. Dünənki iclasda nələr müzakirə olundu?
- Dünən futbolçularla görüş oldu. Bunun neqativ tərəfləri bu gün meydanda görünürdü. Bəzi məsələlərdə rəhbərliklə razılaşa bilmədik. İkitərəfli razılıq əsasında ayrılmaq qərarı verdik. Mənim iddialarım, baxışlarım fərqlidir. Yeni rəhbərlik başqa cür düşünür. Futbolda belə hallar olur, olacaq da. Biz də daha güclü olmalıyıq.
- Komandada kimin qalıb-qalmayacağına baş məşqçi qərar verir, yoxsa rəhbərlik?
- Bu gün sonuncu dəfə "Kəpəz" barədə danışacam. Burada yaxşı dostlar tapdım. Çoxlarının "Kəpəz"in üstündən xətt çəkdiyi vaxtda biz komandanı Premyer Liqada saxladıq. Sabah kimin qərar verəcəyini bilmirəm. Hər işdə bir xeyir var. Daha yaxşı şeylər olacaq.
- Dediniz ki, oyunun nəticəsi mənim üçün əvvəldən bəlli idi. Nə demək istəyirdiniz?
- Baş məşqçi bilir ki, komandada qalmayacaq, futbolçular da bunu hiss edirsə, istər-istəməz ruh düşkünlüyü yaranır. "Kəpəz"də hansısa usta futbolçunun adını çəkə bilməzsiz. Döyüşkənliyin hesabına xallar qazanmışıq və Premyer Liqada qalmışıq.
- Bilərəkdən oynamamaq ehtimalı ola bilər?
- Yox. Heç vaxt ola bilməz. Ruh düşkünlüyü oldu. Futbolçular çox hissiyatlı insanlardır.
- Rəhbərliklə hansı məsələlərdə ortaq məxrəcə gələ bilmədiz?
- Bunu açıqlamayacam. Klubla mənim aramda olan məsələlərdir. "Kəpəz"dən ancaq yaxşı şeylər danışmaq istəyirəm. Komandaya uğurlar arzulayıram. Mən bu azarkeşləri sevdim. Mənim burada haqqım var. Vaxtımın çox hissəsini ailəmlə yox, futbolçularla, akademiya ilə keçirmişəm. Futbolda belə şeylər olur.
- Klub rəhbərliyi sizdən halallıq aldı?
- Biz hər şeyə peşəkar yanaşırıq. Bir insan həm ibarət əhli, həm də dünyəvi insan ola bilər. Həyat davam edir. Zaman hər şeyi göstərəcək. Futbolçulara həmişə bir söz demişəm, həyatda düz olmaq lazımdır. Düzsənsə, rahat olacaqsan.
- Sonluğun belə olacağı gözlənilirdi, mətbuatda yazılırdı. Bu vaxta qədər "Kəpəz"da qaldığınıza görə peşman deyilsiz?
- Əsla. Bəlkə də bu hadisə həftələr əvvəl baş versəydi, "Kəpəz" Premyer Liqada qalmayacaqdı. Mən çox sevinirəm ki, azarkeşlər"Kəpəz"i gələn mövsüm də Premyer Liqada görəcək. Gəncəyə böyük futbol yaraşır.