
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Apasport.az saytına müsahibə verib.
- “Araz-Naxçıvan” artıq 5 transferin keçidini həll edib. Bu transferlərə necə şərh verərdiz?
- Mövsüm başa çatdıqdan sonra heyətlə bağlı müəyyən müzakirələrimiz oldu. Əlbəttə, əsas sütunu saxlamaqla bərabər, gedənləri daha güclüləri ilə əvəzləməyə çalışdıq. Hər bir transferimizlə bağlı müəyyən məlumatlar topladıq, oyunlarını izlədik, komanda yoldaşlarından bilgilər əldə etdik. Onlardan Patrik Andradeni daha yaxından tanıyırıq. Uzun müddət ölkəmizdə çıxış edib, “Qarabağ”ın aparıcı oyunçularından olub. Onun haqda hamınız məlumatlısız. Digərlərində də bizə kömək edəcək gücü, potensialı gördük. Ümid edirik ki, seçimlərdə yanılmamışıq. Ötən mövsüm zədəli və cəzalı futbolçularımız çox oldu. Bu da heyət baxımından işimizi çətinləşdirdi. İndi elə etməliyik ki, yeni transferlər heyətin ayrılmaq, aparıcı üzvü olsunlar.
- Maraqlıdır, “Aris”lə oyuna qədər daha neçə transfer edəcəksiz?
- Transferi sayla etmirik. Baxırıq, gücləndirməyə ehtiyac bildiyimiz mövqelər üçün seçim edirik. Bəzən ortaya daha güclü variant çıxır, hansı ki biz ora üçün yeni oyunçu nəzərdə tutmasaq da, həmin variantı da dəyərləndiririk. 5 oyunçu ilə anlaşsaq da, axtarışlarımız davam edir. Bir müdafiəçi mütləq transfer etməliyik.
- İsrailli yeni transferiniz Bar Kohen məlum vəziyyətə görə komandaya qoşula bilmirdi. O, komandanıza nə vaxt qoşulacaq?
- Bar Kohen artıq Bakıdadır və dünən tibbi müayinədən keçib, axşam məşqində də iştirak edib. Onunla bağlı hansısa problem yoxdur. Düzdür, o komandaya 4 gün əvvəl qoşulmalı idi. Mövcud vəziyyətlə əlaqədar gəlişində yubanma oldub. Bu yubanma da futbolçudan asılı deyildi.
- İqor Ribeyronun “Neftçi”yə keçidi gözlənilir. Yəqin ki, avrokuboklar bitdikdən sonra komandanı tərk edərək, “Neftçi”nin düşərgəsinə qoşulacaq?Onun gedişi böyük itki olacaq?
- İqor hələ ki komandamızın düşərgəsindədir. İki mövsümdür heyətimizdə yer alan müdafiəçi özünü yaxşı tərəfdən göstərib və bir neçə klubdan təklif alıb. O, hazırda məşqlərdə iştirak edir, “Aris”lə oyunlarda bizə kömək edəcək. Növbəti qərarla bağlı əlavə məlumat klub tərəfindən məlumat veriləcək. Hazırda komanda olaraq hamımız Konfrans Liqasında keçirəcəyimiz oyunlara hazırlaşırıq və yaxşı nəticə qazanmaq istəyirik.
- Yeri gəlmişkən, Konfrans Liqasındakı rəqibiniz olan “Aris” haqda artıq məlumatlar toplamağa başlamısız. Onların əsas üstünlüyü nədir?
- Müəyyən məlumatımız var. Bilirik ki, onlar da heyətlərini gücləndirməyə çalışır, transferlər edirlər. Ancaq detallı şəkildə analiz etməmişik. Çünki bunun üçün vaxtımız çoxdur. Hazırda əsas istəyimiz heyət olaraq komplektləşmək, futbolçuların düşərgəyə tez qoşulması və ağır periodu yaxşı keçirməkdir. Demək olar, 1-2 futbolçu istisna olmaqla qalan hamı məşqlərdə iştirak edir. Diqqətimizi özümüzə, hazırlığımıza, yeni gələnlərin heyətə tez uyğunlaşmasına yönəltmişik.