“Neftçi”də sol cinah problemi: Çıxış yolu Braziliyadan tapıldı
22.05.2026 - 11:14
“Neftçi”də sol cinah problemi: Çıxış yolu Braziliyadan tapıldı

UEFA Konfrans Liqasına vəsiqə qazanan "Neftçi" transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, klub müdafiə xəttini gücləndirmək niyyətindədir.

"Ağ-qaralar" "Bresk"in futbolçusu Davi Qabriellə maraqlanır. Komandanın baş məşqçisi Yuri Vernidub sol cinah müdafiəçisinin keçidini şəxsən istəyir.

Mütəxəssis hazırda "Neftçi"nin ən problemli mövqeyinin bu hissədə olduğunu düşünür. Çalışdırıcı Mustafa Sekin çıxış etməli olduğu cinahda bəzən Andrey Ştoqrini, bəzən də Luiz Ortizi sınaqdan keçirib. Onlardan istədiyini ala bilməyən Vernidub nəticədə Davinin transferinə razılıq verib.

Qabriel hazırda Braziliyanın "Bresk" komandasında çıxış edir. O, bu mövsüm 13 matçda meydanda olub.