AFFA-nın prezidenti Rövşən Nəcəf XXXIV Hesabat Konfransında ona ünvanlanan sualları cavablandırıb.
Apasport.az federasiya rəhbərinin fikirlərini diqqətinizə çatdırır:
– Keçən il hakimlərin qərarları ilə bağlı çoxsaylı şikayətlər oldu, baş məşqçilər narazılıqlarını bildirdilər. Baş məşqçilər bildirirlər ki, hakimlərin qərarlarına təsir edə bilmirlər, etirazlar nəzərə alınmır. Hakimlərin qərarlarına münasibətdə hansı strateji metodlardan istifadə olunur?
– Hər narazı olan anda hakim mövqeyini dəyişsə, digər tərəf də narazı olarsa və yenidən mövqeyini dəyişsə, necə olacaq? Hakim qərar verərkən kiminsə razı olub-olmadığını nəzərə almır. Lazım olan qərarları verir. Məni sevindirir ki, hakimlər təzyiqə baxmayaraq qərarlarını dəyişmirlər. Hakim qərar verir, məşqçi dəyiş deyirsə… Necə təsəvvür edirsiniz? Hakim xətaları olubmu? Olub. Bunun üçün işlər görürük. Səhvsiz oyunlar olacaq? Hazırkı mərhələdə çətindir ki, olsun. Gələcəkdə bunu minimuma endirmək istəyirik. Hakimlərin inkişafı əsas prioritetlərimizdən biridir. Bəzi qərarlarda xətalar olub. Amma bunun olmaması üçün islahatlar aparırıq. Əsas məqsəd hakim qərarlarının doğruluq səviyyəsinin artırılmasıdır.
– Bu il İcraiyyə Komitəsində seçkilər olacaq. Qurban Qurbanov iclaslarda məhdud sayda iştirak edir, cəmi 2-3 iclasda olub. İcraiyyə Komitəsi faydalı qurumdur, əhəmiyyətli məsələlər müzakirə olunur. Əgər bir nəfər iclaslarda iştirak etmirsə, onun üzv olmasının nə əhəmiyyəti var? Üzv davamlı şəkildə iştirak etmirsə, hansısa tədbir görmək nəzərdə tutulur?
– Bu gün AFFA-nın hesabatını İK-nın hesabatı kimi qəbul edə bilərik. Qurban Qurbanova gəldikdə, oyun qrafiki imkan verdiyi vaxtlarda iştirak edir. İcraiyyə Komitəsi ilə daim əlaqədəyik, rəsmi görüşlər olmadan da fikir mübadilələri aparırıq. O, futbolun, uşaq futbolunun inkişafı haqqında dəyərli fikirlərini bizimlə bölüşür. Oyunları olanda da bizimlə danışır, öz fikirlərini, təkliflərini verir. İK-nın bütün üzvlərinə təşəkkür edirəm ki, çox rəngarəng fikirlərlə gəlirlər. Bütün fikirlər barədə açıq müzakirələr aparırıq. Azərbaycan futbolunun inkişafına xidmət edəcək qərarları müzakirə edirik.
– Futbol azarkeşi kimi cavab verməyinizi istəyərdim. Son 1 ildə Azərbaycan futbolunun inkişaf tempindən razısınız?
– Futbol azarkeşi kimi cavablandırım. Yəqin ki, tam razı olacağım gün millimizin dünya çempionatının final mərhələsində oynayacağı gün olacaq. Əminəm ki, bu, nə vaxtsa baş verəcək. Bu istiqamətdə işləməliyik, böyük hədəflər qoyub arxasınca getməliyik. Mənim dövrümə gəldikdə, ən azından böyük turnirdə Azərbaycan millisinin oyununu görmək azarkeş kimi məni sevindirəcək gün olardı. Futbolda komanda uduzur da, udur da. Əzmkarlığı, döyüşkən ruhu görəndə azarkeş sevinir.
– Dövlətin ayırdığı maliyyəyə görə Premyer Liqa klublarına uşaq futbolu üçün 500 min manat pul ayrılır. Klubların əksəriyyəti sanki sui-istifadə hallarına yol verir. AFFA bu maliyyənin idarə olunmasına mexanizm təyin edirmi, bu necə nizamlanır?
– Klublara ayrılan AFFA-nın vəsaitidir. Hər bir klub vəsaitin istifadəsi ilə bağlı sənəd göstərir. Uşaq futbolunun inkişafına, akademiyaların səmərəli işinə xüsusi diqqət ayrılır. Klublarla daim fikir mübadiləsi aparılır. Ayrılan vəsaitə nəzarət mexanizmi var. Sizdə düzgün istifadə edilməməsi ilə bağlı məlumat varsa, biz sizə minnətdar olarıq. Biz hər zaman şəffaflığı təmin etmək istəyirik.
– İnkişaf strategiyası yazılıb, qarşıda bizi qlobal səviyyədə futbol yarışı gözləyir. Amma infrastruktur məsələsi kifayət qədər yaxşı vəziyyətdə deyil. İnfrastrukturda qlobal dəyişikliyə başlanacaq?
– “Qarabağ”ın avrokuboklarda tarixi nailiyyət əldə etməsi, azərbaycanlı futbolçuların xarici liqalarda çıxış etməsi, qızlarımızın uğuru məhz strategiya ilə bağlı məsələlərdir. İnfrastrukturla bağlı məsələni düz deyirsiniz. Cahangir Fərəcullayev də dedi ki, ən ağrılı yerimiz infrastrukturdur. Zaman və maliyyə tələb olunur ki, tam dəyişdirilsin. Klublara əlavə sponsorlar cəlb olunarsa, bu baş verə bilər. Amma bütün infrastrukturun qısa müddətdə həlli mümkün görünmür. Baxırıq ki, necə sponsorlar cəlb edə bilərik. Stadionlara sponsor adlarının verilməsi, sponsorun verdiyi maliyyənin infrastruktura cəlb edilməsi də mümkündür. Görüləsi işlər çoxdur.
– Stadionlardan çox danışırıq. Sizə elə gəlmir ki, yeni mövsümdən Premyer Liqada klubların qarşısına şərt qoyulmalıdır ki, hər klub öz doğma stadionunda oynasın, stadionu olmayan klub Premyer Liqada çıxış etməsin? İki ildən sonra Premyer Liqanı 14 kluba çatdırmaq olar?
– Tamamilə doğru deyirsiniz. Bu fikirlər İcraiyyə Komitəsində müzakirə olunur. Klublara həm stadionların standartları baxımından, həm də öz stadionlarında oynanılması üçün tələblər sərtləşdiriləcək. Klublar vəsaitləri düzgün sərf etməklə infrastruktur çatışmazlıqlarını həll etsinlər, təmsil etdikləri bölgələrdə çıxış etsinlər. Bu istiqamətdə müzakirələr aparılır. İK-nın iclaslarının birində bununla bağlı qərar verməyi düşünürük. Bununla futbolun inkişafını təmin etmək istəyirik. Çox incə balans var, bunu təmin etməyə çalışırıq. Hazırda İK-nın iclasında müzakirə edilən mövzulardandır. Klub sayının artmasına gəlincə, prinsipcə müzakirə mövzusu ola bilər. Hansı klubların gələ biləcəyini və onların infrastruktur imkanlarını dəyərləndirməliyik. Stadion məsələsini həll edək, sonra klub sayına baxaq.
– İlləri boşa vermişik, futbolumuzda problemlər çoxdur. Ən böyük problemlərdən biri də kadr çatışmazlığıdır. Bu problemin həllini necə görürsünüz?
– Bütün sahələrdə olduğu kimi, futbolda da yeni kadrların yetişdirilməsinə ehtiyac var. Hakimlərdən tutmuş tibbi personala qədər. Daim yeni kadrların hazırlanması lazımdır. Kadrların peşəkarlığının artırılması və bu sahəyə marağın saxlanılması əsas hədəf olaraq qalır. Hakimliyə dünya üzrə maraq azalıb. Bu baxımdan peşəkar hakimlərin sayı və hazırlanması əsas çatışmazlıqlardan biridir. Bu, dünyada da belədir. Amma bütün sahələrə aiddir. Bununla bağlı xüsusi proqramların həyata keçirilməsi nəzərdə tutulur. AFFA və müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsi əsas məsələlərdəndir. Kadr məsələsini növbəti iclaslarda müzakirə edəcəyik.
– AFFA-nın İcraiyyə Komitəsinin iclaslarında mətbuat iştirak etmir. İK-nın üzvlərindən müsahibə ala bilmirik ki, nələri müzakirə edirsiniz. Bunu necə tənzimləmək olar?
– AFFA-nın rəhbəri yalnız Rövşən Nəcəf deyil, AFFA-nın baş katibi və İK üzvləri də var. Daim mətbuata açıqdırlar. İstənilən sualları verə bilərsiniz. Cavab verməsələr, müzakirə edərik. AFFA rəhbərliyi bir şəxsdən ibarət deyil, İK var. İclasların hansı binada keçirilməsinin önəmi yoxdur – AFFA-nın binasında və ya SOCAR-ın binasında. Əsas olan iclaslarda verilən qərarlar və müzakirə edilən mövzulardır. İradı qəbul edirəm. Media ilə daha çox görüş keçirməyə hazıram. Bir dəfə görüş olmuşdu, yəqin ki, yenə görüşərik. Media ilə qapalı görüş də təşkil edə bilərik, sizin fikirlərinizi eşitmək istəyərəm. Yeni nəsil idman jurnalistlərinin yetişdirilməsi və futbolun daha cəlbedici işıqlandırılması üçün hansı addımların atılmalı olduğunu birlikdə müzakirə edə bilərik.
– A milli son iki oyunda qalib gəldi. Təəssüf ki, İK üzvlərini və AFFA rəhbərliyini orada görmədik. Sizin orada olmamağınız nə ilə bağlıdır?
– Həmin dövrdə digər fəaliyyətimlə bağlı ölkədə yox idim. Oyunlara gedəndə də bunu işıqlandırmıram. Bunu vəzifəmin bir hissəsi kimi görürəm. Hər oyuna getdiyimi mətbuata açıqlamağı düzgün hesab etmirəm. Mənim iştirak etdiyim oyunlarda stadiondan foto paylaşdığımı görə bilməzsiniz. Bu, şəxsi fikrimdir, bəlkə də səhvdir.
– Premyer Liqa və I Liqa klubları AFFA İntizam Komitəsinin verdiyi cəzalardan narazıdır. “Neftçi” ötən mövsüm azarkeşlərin davranışına görə 105 min manat cərimə ödəyib. Bu məsələyə baxılması mümkündürmü?
– Onlar öz fəaliyyətlərində müstəqildirlər. Mənim və ya başqalarının fəaliyyətlərinə təsir etməsi mümkün deyil. Narazı olan klublar prosedurlardan istifadə edə bilərlər. “Klubları soyur” ifadəsi düzgün deyil. Çünki ayrılan əsas vəsait AFFA-dan gəlir, cərimələrdən toplanan vəsait isə yenidən futbolun inkişafına yönəldilir.
– Son zamanlar şayiələr yayılıb ki, yayda PFL ləğv olunacaq. Bu nə dərəcədə doğrudur?
– PFL AFFA ilə müqavilə əsasında və AFFA-nın verdiyi səlahiyyət çərçivəsində yarışları təşkil edir. Hazırda fəaliyyət davam edir. Gələcəkdə müəyyən dəyişikliklər, əlavə və ya azaldılmış funksiyalar mümkün ola bilər, amma hazırda belə bir məsələ müzakirə olunmur.
– Bu gün Hesabat Konfransında 26 milyon manat vəsaitin SOCAR-dan daxil olduğu bildirildi. Əvvəlki dövrlərlə bağlı yoxlamalar aparılıbmı?
– Xeyr, əvvəlki dövrlərlə bağlı əlavə araşdırma nəzərdə tutulmayıb.
– Ağsu stadionunun Premyer Liqa standartlarına uyğunlaşdırılması hansı klub üçün nəzərdə tutulub?
– Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil. Regionlarda inkişaf bərabər səviyyədə aparılmalıdır. Məqsəd yalnız Premyer Liqa klublarının deyil, bütün regionların infrastrukturunun yaxşılaşdırılmasıdır.
– Legioner limitinin ləğvi nə dərəcədə effektiv olub?
– Çempionatın daha maraqlı keçməsi və klubların beynəlxalq arenada daha uğurlu çıxış etməsi bu suala cavabdır. Statistikaya görə yerli futbolçuların oyun vaxtında müəyyən azalma olsa da, ümumi keyfiyyət və rəqabət artıb.
– Klublara ayrılan vəsaitin bir hissəsinin infrastruktura yönəldilməsi tələb olunurmu?
– Əsas məqsəd klubların öz infrastrukturlarını bərpa etməsidir. Bunun üçün yalnız AFFA-nın vəsaiti kifayət etmir. Özəl sponsorların cəlb olunması daha effektiv yol hesab olunur.