
Misli Premyer Liqasının XXX turu çərçivəsində "Sumqayıt" doğma meydanda "Şamaxı"ya 1:2 hesabı ilə uduzub.
Apasport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Üzücüdür, məğlub olduq. Hər iki hissədə yaxşı oyun nümayiş etdirdik. Komanda qalib gəlməyi çox istəyirdi, alınmadı. Rəqib komandanı təbrik edirəm. Bu il Sumqayıtdan 3 xal apara bildilər".
- Ardıcıl qazanılan xallardan sonra komandada motivasiya problemi var?
- Ola bilər. Biz də çalışırıq, futbolçular da dərk etməlidir ki, mövsüm hələ bitməyib. Nə qədər üst pillələrdə qərarlaşsaq, onların yeni müqavilələrinə də yaxşıdır. Biz özümüz də futbolçu olmuşuq. Bir var 9-cu yerdən, bir var 5-ci yerdən futbolçu cəlb edirsən. Hər pillənin öz qiyməti var. Yenə də futbolçularıma təşəkkür edirəm. Ardıcıl qollar gözlənilməz oldu. Bu gün hər iki hissəni çox yaxşı oynadıq. 90 dəqiqə ərzində mübarizə apardıq.
- Rövlan Muradovun ehtiyatda qalmasının səbəbi nədir?
- Rövlanla bağlı suallar olacaq. Onu da nəzərə alın ki, mən gələnə kimi 18 oyun əsas heyətdə oynayırdı. Bu matçların 11-də komanda qol vura bilməyib. Onun mövqeyində Sərtan yaxşı oynayırsa, ona şans verməliyik. Gənc futbolçuya da şans verməliyəm ki, növbəti mövsümdə özünü sübut etsin. Rövlanla danışmışam, o, mənim üçün yaxşı futbolçudur. Öz vaxtını gözləməli və çalışmalıdır.
- Futbolçularınız bir-biri ilə mübahisə edir. Komandanın içində ab-hava necədir?
- Heç kim heç kimlə mübahisə etmir. Futbolda belə hallar olur.