DÇ-2028-in əsas mərhələsində Azərbaycan millisinin rəqibləri bəlli olub.
Apasport.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, komandamız 12-ci qrupda Çexiya və Latviya yığmaları ilə mübarizə aparacaq.
Qrup mərhələsinin oyunları ev-səfər prinsipi ilə keçiriləcək. Nəticələrə əsasən, ilk iki pilləni tutacaq komandalar mübarizəni davam etdirəcək.
Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç püşkü dəyərləndirib. O, komandamızın çətin qrupa düşdüyünü, lakin nəticə qazanmağın mümkün olduğunu bildirib:
“Yaxşı komandalarla bir qrupda yer almışıq. Çexiya ənənəvi olaraq hər zaman yaxşı səviyyədə olur. Onlar daim yüksək yerlər və böyük turnirlərə qatılmaq üçün mübarizə aparırlar. Latviya yığması da son illərdə inkişafdadır. Avropa çempionatının final mərhələsində iştirak ediblər, hətta əsas rəqiblərdən birini də məğlub etmişdilər. Bu onu göstərir ki, bizi iki güclü və mübariz komanda ilə oyunlar gözləyir. Ancaq nəticə qazanmaq mümkündür. Bizim də yaxşı komandamız var. Sadəcə düzgün hazırlıq keçməli, rəqiblərə qarşı həvəslə oynamalıyıq. Ümumiyyətlə, pley-off oyunlarına vəsiqə qazanmaq üçün cəsarətli və əzmkar olmaq lazımdır”.
Qeyd edək ki, millimiz qrupda ilk iki yerdən birini tutacağı halda növbəti mərhələyə vəsiqə qazanacaq.