"Meydanda sona qədər mübarizə aparan Azərbaycan millisi görəcəksiniz"
11.11.2025 - 13:55
"Meydanda sona qədər mübarizə aparan Azərbaycan millisi görəcəksiniz"

Azərbaycanın qadınlardan ibarət basketbol millisi meydanda sona qədər mübarizə aparacaq, nəticə qazanmaq üçün əlindən gələn hər şeyi edəcək.

Apasport.az xəbər verir ki, bunu sözügedən yığmanın baş məşqçisi Evren Alkaya jurnalistlərə açıqlamasında deyib.

O, millinin Avropa çempionatının seçmə mərhələsinə "FIBA Women"s EuroBasket 2027" hazırlığı barədə danışıb:

"Qarşılaşmalara ciddi hazırlaşırıq. Turnirin ən gənc komandasıyıq. Əksər oyunçularımız 18-19 yaşlarındadır. Çətin qarşılaşmalar bizi gözləyir. Hər üç rəqibimiz növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparırlar. Lakin biz də öz oyunlarımızı göstərib, meydanı ən yaxşı nəticə ilə tərk etməyi düşünürük. Rəqiblərimizi təhlil etmişik. Oyunda sona qədər mübarizə aparan, nəticə qazanmaq üçün əlindən gələni edən milli komanda görəcəksiniz".

Qeyd edək ki, yığma seçmə mərhələnin E qrupunda Bolqarıstan, Monteneqro və Ukrayna komandalarına qarşı mübarizə aparacaq. Komanda noyabrın 12-də Bolqarıstan, 15-də isə Monteneqro ilə qarşılaşacaq. Azərbaycan qrupdakı növbəti oyununu səfərdə Ukraynaya qarşı keçirəcək.