
“Dünya bu gözəllikləri görməlidir”.
Apasport.az xəbər verir ki, bunu Qəbələ-Xankəndi ultramarafonunun qalibi, türkiyəli atlet Üzeyir Söyləməz jurnalistlərə açıqlamasında deyib.
O, marafonla bağlı fikirlərini bölüşüb: “İlk üç mərhələni mən, sonuncunu isə Ömər qardaşım qazandı. Qələbə qazandığım üçün çox xoşbəxtəm. Son gündə qısa məsafəyə qaçış idi. Çempionluğu təmin etdiyim üçün son yarış günündə əyləndim, çempionluğu dostumla birgə paylaşmaq istəyirdim. Sona ilk iki yerdə gəldik. Ümumi sıralamada birinciyəm”.
Söyləməz yarışın təşkilatçılığının yüksək səviyyədə olduğunu qeyd edib: “Növbəti mövsümlərdə burada daha böyük yarışların keçiriləcəyinə ümid edirəm. Dünya bu gözəllikləri görməlidir. Düzü, marafonun belə yüksək səviyyədə keçəcəyini gözləmirdim. Buralar çox gözəldir. Nə yaxşı ki, torpaqlarınızı geri qaytarmısınız. Burada şəhid məzarlarını görüb duyğulandım, ruhları şad olsun.
Növbəti mövsüm yenidən gəlmək istəyirəm. Azərbaycan xalqı da bizi çox yaxşı qarşıladı. Daha çox iştirakçının bu marafona qatılmasını arzu edirəm. Ümid edirəm Azərbaycan daha gözəl yerlərə gələr”.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ultramarafon aprelin 10-da “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürüb. 192 kilometr məsafəni əhatə edən yarışa 81 atlet qatılıb. Ultramarafon iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də olub.