Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycanın daha dörd qadın güləşçisi mübarizəyə qoşulub.
Təsnifat mərhələsində 57 kq çəki dərəcəsində çıxış edən Jalə Əliyeva Almaniya təmsilçisi Amori Andriçlə qarşılaşıb. İdmançımız rəqibini “tuş”la məğlub edərək 1/4 finala yüksəlib. Əliyeva növbəti mərhələdə finlandiyalı Yenna Hemiaeyə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Lakin Jalə yarımfinalda türkiyəli Elvira Kamaloğluna 2:6 hesabı ilə məğlub olub.
Təmsilçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq.
Ruzanna Məmmədova (62 kq) 1/8 finalda Ukrayna güləşçisi İlona Prokopevnyukla üz-üzə gəlib. Təmsilçimiz rəqibini 10:0 hesabı ilə tam üstünlüklə məğlub edib. Lakin o, 1/4 finalda rusiyalı Amina Tandelovaya 0:5 hesabı ilə uduzub.
Birgül Soltanova (65 kq) 1/4 final mərhələsində rumıniyalı, dördqat Avropa mükafatçısı Krista İnce ilə qarşılaşıb. O, rəqibi üzərində 3:1 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
Birgül, yarımfinal mərhələsində isə mübarizəni dayandırıb. O, UWW komandasından Alina Kasabiyevaya 8:0 öndə olmasına baxmayaraq, sonda məğlub olaraq bürünc medal uğrunda döyüşə haqq qazanıb.
Günay Qurbanova (59 kq) isə bürünc medal uğrunda görüşdə Marta Getmanova ilə qarşılaşacaq.
Xatırladaq ki, Azərbaycan yığması Avropa çempionatında indiyədək beş medal qazanıb. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal əldə ediblər. Həmçinin yunan-Roma güləşi üzrə milli komanda komanda hesabında Avropa çempionu olub.
Qeyd edək ki, qitə birinciliyinə aprelin 26-da yekun vurulacaq.