2026-cı ilin Azərbaycanın İdman Paytaxtı seçilən Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub.
Apasport.az xəbər verir ki, tədbir Heydər Əliyev Parkının ərazisində yerləşən su hövzəsində baş tutub.
Tədbirdə federasiyanın idmançı və məşqçi heyəti ilə yanaşı, rayon sakinləri də iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iştirakçıları salamlayaraq təşkilatçılara təşəkkürünü bildirib.
Proqram çərçivəsində kayak və kanoe qayıqlarında nümunəvi çıxışlar nümayiş etdirilib. Daha sonra su idman növlərinə maraq göstərən yerli sakinlər üçün peşəkar məşqçilərin rəhbərliyi altında həvəskar kayak qayıqlarının idarə olunması üzrə təlimlər keçirilib. İştirakçılar avarçəkmədə öz bacarıqlarını sınamaq imkanı da əldə ediblər.
Qeyd edək ki, Azərbaycan Su İdman Növləri Federasiyası su idman növlərinin ölkə üzrə daha geniş yayılması və kütləviləşdirilməsi məqsədilə bu cür tədbirləri gələcəkdə də müxtəlif bölgələrdə keçirməyi planlaşdırır.