Şahmatçımız ermənistanlı rəqibini qabaqladı - AVROPA ÇEMPİONU OLDU
08.11.2025 - 09:29
Şahmatçımız ermənistanlı rəqibini qabaqladı - AVROPA ÇEMPİONU OLDU

Monteneqronun Budva şəhərində şahmat üzrə yeniyetmələr arasında keçirilən Avropa çempionatı sona çatıb.

Apasport.az xəbər verir ki, 48 ölkədən 1169 şahmatçının mübarizə apardığı qitə birinciliyində Azərbaycan 3 medal qazanıb.

14 yaşlı oğlanların kateqoriyasında təmsilçimiz Xaqan Əhməd 7,5 xal toplamaqla birinci yeri tutub.

Qeyd edək ki, 9 turdan sonra iki şahmatçının eyni xalı yaranıb. Əlavə əmsallara görə Xaqan Əhməd yarışın 6-cı turunda məğlub etdiyi Ermənistan şahmatçısı Tiqran Ambarçumanyanı qabaqlayaraq 116 şahmatçı arasında birinci yerə layiq görülüb və Avropa çempionu titulunu əldə edib.

10 yaşlı qızların yarışında Mehriban Əhmədli 9 turda 7,5 xal toplayaraq gümüş medala layiq görülüb.

16 yaşlı qızların birinciliyində isə Məryəm Ağaverdiyeva 9 partiyada 7 xalla Avropa çempionatının bürünc medal qazanıb. 

Daha iki şahmatçımız mötəbər yarışı ilk beşlikdə bitirib. 16 yaşlı oğlanların mübarizəsində Rüstəm Rüstəmov, 8 yaşlı oğlanların yarışında isə Kənan Babasoy yekunda 2-5-ci sıraları bölüşüb. 

1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Azərbaycan komanda hesabında 48 ölkə arasında 5-ci olub. 

Yarışın bağlanış mərasimində qalib və mükafatçılara medal, kubok və diplomlar verilib.

14 yaşlı oğlanların mübarizəsində qızıl medal qazanan Xaqan Əhmədin şərəfinə Monteneqroda Azərbaycanın Dövlət Himni səsləndirilib.