Barış Alper Yılmaz: "Bütün uğurlarımı Okan Buruka borcluyam"
26.07.2026 - 16:53
Barış Alper Yılmaz: "Bütün uğurlarımı Okan Buruka borcluyam"

"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz baş məşqçi Okan Buruk, yeni mövsüm hədəfləri və gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, Türkiyə millisinin üzvü uğurlarında Okan Burukun böyük pay sahibi olduğunu deyib.

"Bütün qazandığım uğurlar Okan Buruk sayəsində olub. Mənim üzərimdə həqiqətən də böyük əməyi var. Ona təşəkkür etmək istəyirəm. O, hər futbolçuya təsir edə bilir. Baş məşqçimizlə çox xoşbəxtik", – deyə Yılmaz bildirib.

Hücumameyilli futbolçu UEFA Çempionlar Liqasında daha uğurlu çıxış etmək istədiklərini də vurğulayıb:

"Ötən mövsüm Çempionlar Liqasında böyük işlər gördüyümüzü düşünürəm. Bu, bizim üçün gözəl təcrübə oldu. Ora tamam başqa səviyyədir. Bu il ötən mövsümkü nəticələrimizi daha da yaxşılaşdırmağı hədəfləyirik".

Barış Alper Yılmaz fərdi inkişafı ilə bağlı da danışıb:

"Özümü inkişaf etdirməli olduğum məqamlar var. Azarkeşlərimizə daha yaxşı Barış Alper Yılmaz izlədəcəyəm".

25 yaşlı futbolçu "Qalatasaray"ın kapitanı olmağın xüsusi hiss olduğunu bildirib:

"Qalatasaray"ın kapitanı olmaq çox xüsusi hissdir. Hazırda yeganə diqqətim meydanda ən yaxşı performansı göstərməkdir. Qalan məsələlər zamanla həllini tapacaq".

O, "Ayntraxt"ın futbolçusu Can Uzunun mümkün transferinə də münasibət bildirib:

"Can Uzunla bu barədə ətraflı danışmamışıq. Amma o, çox yaxşı futbolçudur. Kaş ki, bu mənim əlimdə olsaydı, onun komandaya gəlməsini istəyərdim. Ancaq ən doğru qərarı rəhbərlik verəcək".