Çeferindən İnfantino ilə bağlı qərar – FIFA prezidentliyinə namizəd olmayacaq
24.08.2026 - 10:55
Çeferindən İnfantino ilə bağlı qərar – FIFA prezidentliyinə namizəd olmayacaq

UEFA prezidenti Aleksander Çeferin FIFA prezidentliyi üçün namizəd olmayacaq.

Apasport.az xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb.

Sloveniyalı funksioner prezident seçkilərində FIFA-nın hazırkı prezidenti Canni İnfantinoya qarşı namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

Bununla belə, Çeferin 2027-ci ilin martında keçiriləcək seçkilərdə İnfantinonun başqa rəqibinin ola biləcəyini istisna etməyib.

UEFA rəhbəri son dövrlərdə İnfantinonun bir sıra qərarlarını sərt tənqid edib. Tərəflər arasında əsas fikir ayrılıqlarından biri FIFA-nın Dünya çempionatı və digər turnirlərin kommersiya hüquqlarını vahid qurumda birləşdirərək onun 20 faizlik payını özəl investorlara satmaq planı ilə bağlı olub. UEFA ilə yanaşı, AFC və CONCACAF da bu təşəbbüsə qarşı çıxıb və nəticədə FIFA layihədən imtina edib.

Çeferin, həmçinin son qalmaqaldan sonra İnfantino ilə əlaqə saxlamadığını bildirib və FIFA prezidentinin futbol ictimaiyyətinin dəstəyini itirdiyi halda vəzifəsindən getməsinin mümkün variantlardan biri olduğunu söyləyib.

Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir və 2027-ci ildə keçiriləcək seçkilərdə yenidən prezidentliyə namizəd olmağa hazırlaşır.