“Arsenal”ın sabiq futbolçusu Andrey Arşavin “Bavariya”nın hücumçusu Harri Keynin oyunu ilə bağlı maraqlı fikirlər səsləndirib.
Apasport.az xəbər verir ki, Rusiya futbolunun tanınmış siması ingilis forvardla bağlı birmənalı mövqedə olmadığını gizlətməyib:
“Tottenhem” üçün Keyn, şübhəsiz, ən yaxşı hücumçudur. Amma açığı, mənə o, ümumiyyətlə xoş gəlmir. Hətta bu qədər qolu hansı keyfiyyətlərinə görə vurduğuna da təəccüblənirəm. Məncə, Haaland Keyndən daha güclüdür”.
Qeyd edək ki, Harri Keyn 2011–2023-cü illərdə “Tottenhem”in formasını geyinib və klub tarixində bütün turnirlər üzrə 280 qolla ən məhsuldar futbolçu olub. İngilis hücumçu 2023-cü ilin yayından etibarən “Bavariya”da çıxış edir.