Montella səbəbi açıqladı - “Bir qol hər şeyi dəyişərdi”
25.06.2026 - 05:52
Montella səbəbi açıqladı - “Bir qol hər şeyi dəyişərdi”

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella komandanın DÇ-2026-dakı uğursuz çıxışını dəyərləndirib.

Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis nəticələrin oyunun gedişatını tam əks etdirmədiyini bildirib.

Montella hücum statistikasında komandasının ön sıralarda olduğunu vurğulayıb:

"Rəqib cərimə meydançası və ətrafındakı epizodlara baxdıqda statistikada zirvədəyik. Bir qol vursaydıq, şərhlər tam fərqli olardı. Təəssüf ki, olmayanda olmur. Bu bəxtsizlikdir, ya yox - bilmirəm, amma mən şansa da inanmıram. Bir qol hər şeyi dəyişərdi".

Tənqidlərə baxmayaraq, Montella komandasının statistika baxımından bir çox rəqibdən üstün olduğunu vurğulayıb:

"590 dəfə rəqibin cərimə meydançasına daxil olmuşuq, daha nə deyə bilərəm? Daim səhv edirəm. Komanda olaraq da səhvlər edirik. Qalib gələndə də səhv edirik. Heç vaxt mükəmməl olmamışam. Media məni mükəmməl baş məşqçi kimi təqdim edəndə də mükəmməl deyildim. Hər kəs səhv edir. Heç kim mükəmməl deyil. Mükəmməl baş məşqçi yoxdur. Əgər varsa, ondan nəsə öyrənmək üçün tanış olmaq istərdim."

Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunda keçirdiyi ilk iki oyunda Avstraliya və Paraqvaya uduzaraq mundialla vidalaşıb. ABŞ-la keçiriləcək son görüş isə formal xarakter daşıyacaq.