“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Almaniyanın “Borussiya” (Dortmund) klubu baş məşqçisi Niko Kovaçla müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin rəsmi saytı məlumat yayıb.
54 yaşlı xorvatiyalı mütəxəssislə 2029-cu il iyunun 30-dək nəzərdə tutulan yeni müqavilə imzalanıb. Onun köməkçiləri Robert Kovaç və Filip Tapaloviç də fəaliyyətlərini davam etdirəcəklər.
Niko Kovaç “Borussiya”nın baş məşqçisi kimi keçirdiyi 53 Bundesliqa matçında 114 xal toplayıb. Hər oyuna orta hesabla 2,15 xal qazanan mütəxəssis bu göstəricidə klub rekorduna imza atıb.
2025-ci ildə komandanı 11-ci pillədə təhvil alan Kovaç mövsümün sonunda Dortmund təmsilçisini UEFA Çempionlar Liqasına çıxarıb. Ötən mövsüm isə “Borussiya” 73 xalla Bundesliqanın gümüş medallarını qazanıb.
Qeyd edək ki, “Sabah” – “Borussiya” qarşılaşması oktyabrın 20-də Bakıda keçiriləcək.