Dambrauskasın “Sabah”ı tarix yazmağa yaxındır - TƏHLİL
03.02.2026 - 12:45
Dambrauskasın “Sabah”ı tarix yazmağa yaxındır - TƏHLİL

Misli Premyer Liqasında daha bir tur arxada qaldı. Biz də geridə qalan həftə üzrə qısa notlarımızı qeyd edək.

Qış fasiləsindən sonra əvvəlki gücünü tədricən bərpa edən “Qəbələ” bu turda da qələbə qazanaraq azarkeşlərini sevindirməyi bacardı. Kaxaber Tsxadadzenin yetirmələri “İmişli” üzərində 3:2 hesablı qələbə əldə etdilər. Bu nəticə təsadüfi deyil. Gürcü baş məşqçi qış fasiləsində keçirilən hazırlıq oyunlarında qeydə alınan böyükhesablı qələbələrin şişirdilməməli olduğunu, bunun sadəcə yoldaşlıq matçları olduğunu və aldanmamağın vacibliyini dəfələrlə vurğulamışdı. Lakin görünən odur ki, komandanın özünəinamı artıb, yeni transferlər də artıq sözünü deməyə başlayıb. Onlardan ən diqqətçəkəni son iki qarşılaşmada 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan İsmaheel Akinadedir. 31 yaşlı nigeriyalı forvardın komandaya qoşulmasından cəmi bir ay keçməsinə baxmayaraq, onun çıxışı “Qəbələ” azarkeşlərini komandalarını daha fəal dəstəkləməyə sövq edəcək kimi görünür.

“Karvan-Yevlax” isə inamsız çıxışını davam etdirir. Bölgə təmsilçisinin azarkeşləri “Sumqayıt”la oyunda (0:2) komandaya narazılıqlarını şüarlarla ifadə ediblər. İlk hissənin bitməsindən dərhal sonra tribunadan futbolçulara ünvanlanan “Oynaya bilmirsiz, çıxın, gedin!” sözləri vəziyyətin nə qədər gərgin olduğunu açıq şəkildə göstərdi.

Ötən turda “Qarabağ”ı sürpriz şəkildə iki cavabsız qolla məğlub edərək futbol ictimaiyyətini təəccübləndirən “Kəpəz” isə bu dəfə “Şamaxı”ya eyni hesabla uduzub. Azər Bağırovun yetirmələrinin hazırda elitada qalmaq üçün bütün imkanlarını səfərbər etdiyini demək olar.

Lider “Sabah” isə stabil çıxışını davam etdirir. Komanda çətin “Zirə” səfərindən 3 xalı 3 qolla qazanmağı bacardı – 3:1. “Qarabağ”la xal fərqini 4-ə yüksəldən “bayquşlar” tarixlərində ilk çempionluğu Valdas Dambrauskasın rəhbərliyi altında qazanmağa ümid edirlər.

“Zirə”nin vəziyyəti isə heç də ürəkaçan deyil. Qəsəbə təmsilçisi ardıcıl 8 oyundur (hazırlıq matçları da daxil olmaqla) qələbə üzü görmür. Komandanın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında hər zamankı kimi futbolçuların inamlı çıxış etdiyini, oyunun bərabər səviyyədə keçdiyini, lakin dəqiqliyin çatmadığını bildirib. Azərbaycanlı mütəxəssisin vurğuladığı həmin “dəqiqlik” bir an əvvəl komandaya qayıtsa, pis olmaz.

Turun son günündə isə “Araz-Naxçıvan” – “Neftçi” və “Qarabağ” – “Turan Tovuz” qarşılaşmaları azarkeşləri ekran qarşısına kilitlədi. İlk oyunda Bakı təmsilçisi rəqibini 4 cavabsız qolla məğlub etdi. Yuri Vernidubun yetirmələri yığcam oyun, pas və hücum futbolunu bir araya gətirərək azarkeşlərinə keçmiş “Neftçi”dən əsintilər izlətdilər. Baş məşqçinin gəlişindən etibarən səsləndirdiyi “biz çempionluq yox, üçüncü yer uğrunda mübarizə aparırıq” fikrinin tədricən doğrulduğunu demək olar. Lakin yekun nəticə barədə danışmaq üçün hələ tezdir – zaman hər şeyi göstərəcək.

Avropada çıxışı ilə Azərbaycanı tanıdan “Qarabağ” isə bu turda “Turan Tovuz”u Abdullah Zubirin vurduğu yeganə qolla məğlub etdi. Ağdam təmsilçisi üçün “Sabah”la xal fərqinin daha da artmaması və çempionluq yarışında “mən də varam” demək baxımından bu üç xal olduqca vacib idi.