AFFA deyir: - Sür dərəyə! - Sür dərəyə
06.04.2026 - 21:26
AFFA deyir: - Sür dərəyə! - Sür dərəyə

Gün keçdikcə ölkə futbolunda yaranan xaos daha da böyüyür. Sanki kimlərsə bilərəkdən bizi Türkiyə futboluna doğru sürükləyir.

AFFA-nın hakimlərinin özbaşınalıqları hər həftə daha biabırçı hal alır. Özbaşınalıq sözünü bəyənmədinizsə, bunun digər adı sadəlövh yanaşsaq, futbol savadsızlığıdır. Yəni verilən qərarlar ya konkret kimlərəsə xidmət edir, ya da referilərimizin qaydalarla bağlı ciddi problemləri var, bilgiləri kifayət qədər deyil.

Heç ötən aylara qayıdıb köhnə epizodlarla bağlı danışmayacam. Ötən həftə keçirilən “Turan Tovuz” - “Zirə” matçına nəzər salaq. Oyunun baş hakimi FIFA dərəcəli referi, Çempionlar Liqasına daimi təyinat alan Əliyar Ağayev, VAR hakimi isə jurnalistlərə yeni texnologiya ilə bağlı dərs keçən Cavid Cəlilov idi.

Siz inanırsınız ki, onların hər ikisi penalti epizodlarında qaydaları bilmirlər? Çox da gözəl bilirlər, tətbiq edirlər. Lakin bu dəfə etmədilər. Səbəb “Turan Tovuz”u sıxışdırmaqdır, yoxsa şəxsi mənafeləridir, bilmirəm.

Onu bilirəm ki, bu qərarlar konkret olaraq əziyyət çəkərək müəyyən yerlərə gəlməyi bacaran, Avropa Liqasına yollanmaq şansı olan komandanın əleyhinə verildi.

Yaxşı, bir epizodu Ağayev görmədi. VAR hara baxırdı? Deyək ki, o da çay içməklə məşğul idi. Bəs AVAR harada idi? Lap bunu da keçdim, ikinci penalti epizodunda nə oldu? Yoxsa hakimlər də “Sumqayıt”ın baş məşqçisi cənab İliç kimi siqaret fasiləsinə çıxmışdılar?

Bu gün Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da təsdiqlədi ki, hər iki epizodda penalti təyin olunmalı və sarı vərəqə verilməli idi. Yəqin ki, hakimlərin hər biri cəzalandırılacaq. Amma nə xeyiri? Sabah da eynisini edəcəklər. Necə ki, son illərdə 3-4 komandanı qaralayıblar, istədiklərini edirlər. Bəs “Turan” kubokda mübarizəni 1 top fərqilə dayandırsa, nə olacaq?

Konkret olaraq ölkə futbolunda qərəz var. Bu qərəz də insanların haqqını yeyir. Ehtiram bəyin dediyi kimi, nə edirsiz edin, haqq yeməyin. Sonra altından çıxa bilməzsiniz, bəylər.

Yəqin ki, göstəriş başqa yerdəndir. AFFA-nın hakimləri ardıcıl bu qədər səhv edirsə, ortada nəsə var. Hakim özbaşınalığı bir yerəcən olur. Davamı artıq göstərişdir. Bu dəfə ağa yox, AFFA deyir. Sür dərəyə, sür dərəyə də...