
Azərbaycan milli komandasının üzvü Zamiq Əliyev böyük ehtimalla yaya kimi komandada qalacaq. Ukraynanın “Veres” klubu onu transfer etməyə yaxın olsa da, “Eqnatiya”nı razı salacaq məbləği ödəyə bilməyib.
Bu barədə apasport.az saytına açıqlamasında Albaniya çempionunun idman direktoru Kleydi Zenelay deyib. Onun sözlərinə görə, Əliyevə görə istədikləri məbləği təklif edən olmayıb:
“Bəli, Zamiq böyük ehtimalla “Eqnatiya”da qalacaq. Hazırkı vəziyyət belədir, Əliyev komandadadır. Onun üçün istədiyimiz təklifi göndərən olmayıb. Düzdür, təkliflər var, lakin istədiyimiz məbləğ yoxdur. Amma “transfer pəncərəsi” hələ bir ay açıqdır, hər şey baş verə bilər. Hadisələr necə cərəyan edəcəyini, hansı qərarları verməyin lazım gələcəyini görəcəyik".
Albaniya klubunun rəsmisi Yusif İmanovu transfer etmək şanslarından da bəhs edib:
“Biz İmanovun klubuna təklif göndərdik. Amma onlar bunu qəbul etmədi. Ona görə də danışıqlar dayandı. Hazırda siyahımızda azərbaycanlı futbolçu yoxdur. Gələcəkdə necə olacağını isə zaman göstərər”.