Kim haqlıdır – “Neftçi”, yoxsa “Qarabağ”?
04.02.2026 - 16:05
Kim haqlıdır – “Neftçi”, yoxsa “Qarabağ”?

“Neftçi” – “Qarabağ” matçının təxirə salınmadığı xəbərini dünən Apasport.az saytında eksklüziv olaraq vermişdik. Son günlərdə futbol camiəsinin gündəmini zəbt edən əsas mövzu da elə bu komandaların rəqabətidir.

Məsələ illər öncə Bakı klubunun Ağdam təmsilçisini Avropa Liqasının qrup mərhələsinə yüksəldiyi üçün təbrik etməməsi ilə başlayıb. Həmin tarixdən sonra “Qarabağ” dəfələrlə uğura imza atıb, “Neftçi” isə rəqibini təbrik etməkdən yayınıb.

“Ağ-qaralar” ağdamlıların nə Çempionlar Liqası, nə Avropa Liqası, nə Konfrans Liqasının qrup mərhələsinə düşməsini, nə də pley-offlara vəsiqə qazanmasını “alqışlayıb”. Ötən gün isə “Neftçi” “Qarabağ”ın matçı təxirə salmaq təklifini birmənalı olaraq rədd edib.

Klubun addımları futbolsevərləri iki tərəfə bölüb. Bir qismi “Neftçi”nin “Qarabağ”a qarşı yanlış formada qərəzli davrandığını, digərləri isə doğru etdiyini düşünür.

“Qarabağ” azarkeşlərinin təbrik gözləməsi çox normaldır. Çünki Azərbaycan kimi futbol ölkəsi olmayan yerdə bu qədər ciddi uğura imza atmaq inanılmazdır. Yatsaq, yuxumuza da girməzdi ki, Avropanın ən güclü 24 komandası arasında təmsilçimiz də olacaq. Klubun ciddi idarəetmə sistemi, Qurban Qurbanovun oyun fəlsəfəsi və futbolçuların əzmkarlığı yalnız alqışı haqq edir. 

“Qarabağ” 2017-ci ildə “Neftçi”ni 80 illiyi münasibətilə rəsmi səhifədə təbrik edib. Deyə bilərsiz ki, “ağdamlılar komandanın 2021-ci ildəki çempionluğunu təbrik etməyib”. Bu, çox normaldır. Son dəqiqə qolu ilə çempionluğu itirən komandanın rəqibini təbrik etməsi nə qədər səmimi ola bilər? 

Eynilə də “Neftçi”. “Ağ-qaralar” digər Azərbaycan klublarından fərqli olaraq tarixi ənənələrə malikdir, hər zaman iddiaçıdır. Onu illərlə davam edən uğursuzluğa düçar edən rəqibini təbrik etməsi səmimi səslənir? 

Təbrik mövzusunda diqqət ediləsi məqam ölkədə futbola yanaşmadır. Azərbaycan əsasən döyüş növlərində uğurlu ölkədir. Millət olaraq güləş, cüdo və boksda daha istedadlı, bacarıqlıyıq. Həmin idman növlərini boşuna misal çəkmədim. Döyüşlərdən sonra idmançıların bir-birini qucaqlamasını, uğurlar diləməsini görməyə alışmışıq. Hətta onların böyük əksəriyyətinin rinqdən kənarda gözəl dostluq münasibətləri var. Döyüş növlərində bu adi haldır. Həm Azərbaycanda, həm Avropada, həm də Amerikada belədir.

Amma futbol belə deyil. Bu növün mentaliteti digər idmanlardan çox fərqlidir. Çox təəssüf ki, ölkəmizdə futbol ənənələri hələ inkişaf etməyib. 

Nə futbolun yarandığı İngiltərədə, nə superulduzların yetişdiyi Braziliyada, nə də nəhəng klubların vətəni İspaniyada rəqiblər bir-birinin uğuruna sevinir. Əksinə bir-birinə “palçıq atmağa”, rəqibinin uğuruna kölgə salmağa çalışır. Balkan ölkələrində isə rəqabətin dozası həddi çoxdan aşıb. Türkiyə, Serbiya, Yunanıstan və Kiprdə rəqibi təbrik etmək nədi, hətta rəqibləri ilə qarşılaşan xarici komandaya azarkeşlik edirlər. Amma onlara “Qalatasaray”ın hesabına UEFA-dan pul alırsız, dəstək olun” demirlər. “Ölkəmizin klubuna dəstək olaq” ideologiyası yalnız bizim kimi qeyri-futbol ölkələrində var.

“Qarabağ” 24 gündə 7 oyuna çıxacaq. Bunlardan ikisi Çempionlar Liqasında “Nyukasl”a, biri isə lider “Sabah”a qarşıdır. Komanda digər 4 matçın 3-nü yararsız vəziyyətdə olan meydanlarda keçirəcək. Şamaxıda süni meydançada oynamaq və Qubada palçıqda qaçmaq ağdamlılar üçün ciddi əziyyət olacaq. Bu səbəbdən “Qarabağ” “Neftçi”yə matçı təxirə salmağı təklif etdi. “Ağ-qaralar” bu təkliflə birmənalı olaraq razılaşmadı.

Yadımdadır, 7 il öncə rəqiblər son turda “Neftçi”nin meydanında qarşılaşmalı idi. Klub rəhbərliyi “Qarabağ”ın çempionluğu rəsmiləşdirdiyi üçün matçı “Azersun Arena”ya keçirməyi təklif etdi. Bakı təmsilçisi öz stadionunda əzəli rəqibinin kubok qaldırmasını görmək istəmirdi. Ağdamlılar isə bununla razlaşmadı. Kuboku elə məhz o zamankı “Bakcell Arena”da qaldırdı. “Neftçi”nin indiki addımı əvəzə-əvəzdirsə, bu, yanlışdır?

Həm də “Neftçi”nin əlinə son 5 ildə belə yorğun “Qarabağ” düşməyib. Komanda uzun fasilədən sonra əzəli rəqibini məğlub edə bilər. Peşəkar klub niyə belə fürsəti əldən versin? Tutaq ki, razılaşdı, oyun təxirə getdi. Matç 2 aydan sonra çempionatın durğun vaxtında keçirildi və “Qarabağ” inamlı qələbə qazandı. “Neftçi” bu addımını öz azarkeşlərinə necə izah edəcək? 

Hər iki tərəf məsələdə özlüyündə haqlıdır. Hərəsinin özünə görə tutarlı səbəbləri var. Amma futbol meydanda oynanılanda gözəldir. Rəqabətin yeri yaşıl meydanlardır.