UEFA Konfrans Liqasının I təsnifat mərhələsində "Elbasani"ni penaltilər seriyasında mübarizədən kənarlaşdıran BATE-nin baş məşqçisi Vitali Roqozkin matçdan sonra "Apasport"a müsahibə verib.
- Növbəti mərhələyə vəsiqə qazandınız. Oyunu necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, bu gün meydanda gücləri bir-birinə yaxın olan iki komanda qarşılaşdı. Hər iki tərəfin şansları var idi. Penaltilər bir növ lotereyadır və bu dəfə bəxt bizim tərəfdə oldu.
- Penaltilər seriyasını hazırlaşmışdınız?
- Biz penalti zərbələrini məşq etmirdik. Amma qapıçılar üzrə məşqçimiz ötən mövsümdən qalan məlumatlar əsasında rəqib futbolçuları təhlil etmişdi. Heyətdə qalan oyunçuların hansı istiqamətə zərbə vurduğunu bilirdik. Təxminən kimin hara vuracağını anlayırdıq və bu, bizə çox kömək etdi.
- Sanki futbolçular buna hazır idilər. Vurulan zərbələr bunu deməyə əsas verir...
- Biz ölkə kubokunun finalını da penaltilərlə qazanmışdıq. Oyundan əvvəl futbolçularıma dedim ki, siz bunu artıq bir dəfə bacarmısınız, bu gün də eyni şeyi təkrarlamaq lazımdır. Onlar da özlərinə inandılar və tapşırığın öhdəsindən gəldilər.
- BATE-nin tarixindəki uğurlar hər kəsə bəllidir. Klubu ötən günlərə qaytarmaq üçün nə lazımdır?
- Hazırda əsas məqsədimiz Belarus çempionatındakı vəziyyəti yaxşılaşdırmaqdır. Rəhbərlik, məşqçilər korpusu və bütün klub əvvəlki güclü mövqeyimizi qaytarmaq üçün çalışır. Konfrans Liqasında əlimizdən gələni edəcəyik. Futbolda hər şey mümkündür.
- Azərbaycana daha öncə gəlmişdiniz? Şəhərlərimizi bəyəndiniz?
- İndiyədək yalnız oteldən stadiona gəlmişik və geri qayıtmışıq. Hələ şəhərləri gəzməyə imkan olmayıb. Amma Bakıda qalacağıq və düşünürəm ki, vaxt tapıb şəhərlə yaxından tanış olacağıq. "Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqa mənə Bakı haqqında çox danışıb. İndiyə qədər gördüklərim isə çox xoşuma gəlib.
- Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynadınız. İnfrastruktur xoşunuza gəldi?
- Çox yaxşı, sırf futbol üçün nəzərdə tutulmuş stadiondur. Hər şey yüksək səviyyədə təşkil olunub. Tribunaların meydançaya yaxın olması oyunun atmosferini daha da gözəlləşdirir.
- Azarkeşlərinizdən uzaq qalmaq, onları yanınızda görməmək oyununuza nə qədər təsir edir?
- Futbol azarkeşlər üçün oynanılır. Onlar olmayanda matç sanki rəsmi oyundan çox yoxlama görüşünü xatırladır. Əgər tribunalar dolu olsaydı, bu, həm futbolçular, həm də azarkeşlər üçün əlavə motivasiya və adrenalin olardı.
- Azərbaycan çempionatında belaruslu Yeqor Boqomolski çıxış edir. Onu tanıyırsınız?
- Onunla şəxsən tanış deyiləm. Amma Belarus çempionatındakı çıxışını yaxşı xatırlayıram. Sürətli və keyfiyyətli hücumçudur, Belarusda özünü yaxşı tərəfdən göstərmişdi. "Neftçi"də oynadığını bilirdim. Siz dedikdən sonra "Zirə"yə keçdiyini öyrəndim.
- Azərbaycan futbolu barədə nə düşünürsünüz? İnkişaf var?
- Azərbaycan futbolunu yaxından izləmirəm. Amma "Qarabağ"ın Avropa kuboklarındakı çıxışlarını hamı kimi mən də izləyirəm. Bu komanda uzun illərdir Çempionlar Liqası və Avropa Liqasında uğur qazanır. İndi isə "Sabah"ın çempion olduğunu bilirəm. Düşünürəm ki, Azərbaycan futbolu inkişaf edir. Bura güclü legionerlər və yaxşı məşqçilər gəlir. Bu da inkişafın göstəricisidir.
Qeyd edək ki, BATE - Elbasani matçı qolsuz bərabərliklə nəticələnib. Penaltilər seriyasında daha dəqiq olan Belarus təmsilçisi növbəti mərhələyə yüksəlib - 5:4.