Avroliqadan həvəskar liqaya – “Yeni Malatyaspor”un çöküşü
23.09.2026 - 16:00
Avroliqadan həvəskar liqaya – “Yeni Malatyaspor”un çöküşü

Türkiyənin “Yeni Malatyaspor” klubu 19 ildən sonra peşəkar liqalarla vidalaşıb.

Apasport.az xəbər verir ki, vaxtilə Superliqada çıxış edən və Türkiyəni UEFA Avropa Liqasında təmsil edən Malatya klubu həvəskar liqaya düşüb.

Belə ki, “Yeni Malatyaspor” cari mövsümdə III Liqanın III qrupunda ilk iki qarşılaşmasına çıxmayıb.

Nəticədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi eyni mövsümdə iki oyuna çıxmayan klubun aşağı liqaya göndərilməsi barədə qərar verib.

Malatya təmsilçisi 2017/18 mövsümündə tarixində ilk dəfə Superliqaya yüksəlib və burada ardıcıl 5 mövsüm keçirib. Klubun ən uğurlu nəticəsi 2018/19 mövsümündə qeydə alınıb. Komanda həmin vaxt çempionatı 5-ci pillədə başa vuraraq Avropa Liqasına vəsiqə qazanıb.

“Yeni Malatyaspor” Avropa Liqasının 2019/20 mövsümündə III təsnifat mərhələsinə qədər irəliləyib və bu raundda Serbiyanın “Partizan” klubuna uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, son illərdə ciddi maliyyə problemləri yaşayan “Yeni Malatyaspor” 2021/22 mövsümündə Superliqadan düşüb. Sonrakı illərdə geriləmə davam edib və klub sonda peşəkar liqalarla vidalaşıb.