
FIFA Klublararası Dünya Çempionatında keçirilən "Benfika" – "Auklend Siti" (6:0) matçında baş məşqçi Bruno Laj ilə türk futbolçu Orkun Kökçü arasında gərgin anlar yaşanıb.
Apasport.az xəbər verir ki, hadisə oyunun 62-ci dəqiqəsində baş verib.
Belə ki, baş məşqçi Bruno Laj Orkun Kökçünü əvəzləyərək əvəzinə Renato Sançesi meydana buraxıb. Bu qərardan narazı qalan Kökçü kənara gələrkən əllərini açaraq narazılığını açıq şəkildə göstərib və baş məşqçiyə əl uzatmaqdan imtina edib.
Futbolçu ilə məşqçi arasında kiçik bir söz atışması da yaşanıb. Hadisəyə texniki heyət müdaxilə edib və Kökçü sakitləşdirilib.
Renato Sançes meydana daxil olduqdan qısa müddət sonra qol vurub. Bruno Laj bu zaman Kökçünün oturduğu istiqamətə baxaraq əl işarəsi ilə onu susmağa çağırıb.
Matçdan sonra baş məşqçi bu hadisəyə münasibət bildirərək bunları deyib:
“Orkun emosional bir futbolçudur. Komandaya kömək etmək istəyi güclüdür. Bu cür reaksiyalar futbolda olur. Onun keyfiyyətinə və peşəkarlığına inanıram.”
Hadisə Portuqaliya mətbuatında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi azarkeşlər Orkunu haqlı saysa da, bir çoxları məşqçi qarşısında açıq şəkildə narazılıq ifadə etməsini tənqid edib.