Fransa Liqa 1 təmsilçilərindən “Strazburq” komandanın kapitanı Emmanuel Emeqanın bir oyunluq heyətdən kənarlaşdırıldığını açıqlayıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Nigeriya əsilli holland hücumçu cəza müddətini başa vurduqdan sonra yenidən komandanın sırasına qoşulacaq.
Klubun açıqlamasında bu qərarın futbolçunun son zamanlar klubun dəyərlərinə və qaydalarına əməl etməməsi səbəbilə qəbul edildiyi bildirilib.
Bununla yanaşı, “Strazburq” Emeqanın hələ də komandanın vacib üzvlərindən biri olduğunu və qarşıdakı matçdan sonra heyətə qaytarılacağını vurğulayıb.
“Lequipe” nəşrinin məlumatına görə, futbolçunun heyətdən kənarlaşdırılmasına səbəb onun mediaya verdiyi açıqlamalar olub.
Belə ki, Emeqa ötən ay “Lill” üzərində qazanılan 2:0 hesablı qələbədə iki qol vurduqdan sonra verdiyi müsahibədə, komandasının bu mövsüm “Monako” və PSJ qarşılaşmalarında uduzmasını özünün həmin oyunlarda meydana çıxmaması ilə əlaqələndirdiyini bildirib.
O, həmçinin ölkə mediasına verdiyi başqa bir müsahibədə iki il əvvəl kluba transfer olunmağa hazırlaşarkən “Strazburq”un Almaniyada yerləşdiyini düşündüyünü” söyləyib və bu açıqlama geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Emeqa bu mövsüm “Strazburq”un heyətində meydana çıxdığı 11 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.