FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
08.01.2026 - 14:56
FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək

FIFA bu il keçiriləcək dünya çempionatında ofsayd qərarlarının daha dəqiq verilməsi üçün süni intellektdən istifadə edəcəyini açıqlayıb.

Apasport.az xəbər verir ki, turnirdə iştirak edəcək bütün futbolçular üçün süni intellekt əsaslı 3D rəqəmsal modellər yaradılacaq. Bunun üçün oyunçular qısa müddətdə xüsusi skandan keçiriləcək və bədən ölçüləri dəqiq şəkildə qeydə alınacaq.

Yeni texnologiya sürətli epizodlarda və oyunçuların bir-birinin qarşısını kəsməsi nəticəsində görüntülərin aydın olmadığı hallarda ofsayd vəziyyətlərinin daha düzgün müəyyənləşdirilməsinə kömək edəcək. FIFA bu yeniliyin VAR tərəfindən verilən qərarların azarkeşlər və televiziya tamaşaçıları üçün daha aydın göstərilməsini təmin edəcəyini bildirib. Ofsayd qərarları yayım zamanı 3D görüntülərlə təqdim olunacaq.

Texnologiya ötən il Qitələrarası Kubokda sınaqdan keçirilib və müsbət nəticə verib. Yarıavtomatlaşdırılmış ofsayd sistemi daha əvvəl 2022-ci ildə Qətərdə təşkil olunan dünya çempionatında və 2023-cü ildə qadınlar arasında keçirilən mundialda da istifadə olunub. Sistem bir neçə kamera vasitəsilə futbolçuların mövqelərini və topun ötürülmə anını izləyir.

Bundan başqa, turnirdə iştirak edəcək 48 komandanın hamısına süni intellekt əsaslı oyun analiz cihazı təqdim olunacaq. Bu cihaz komandaların oyunöncəsi və oyunsonrası analizlərinin aparılmasına imkan verəcək. FIFA bildirib ki, bu addım komandalar arasında texnoloji bərabərliyin təmin olunmasına xidmət edir.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi DÇ-2026 iyunun 11-dən iyulun 19-dək keçiriləcək.