Marotta Hakan barədə: "Onu zorla saxlamaq fikrimiz yoxdur"
01.07.2025 - 12:06
Marotta Hakan barədə: "Onu zorla saxlamaq fikrimiz yoxdur"

İtaliyanın “İnter” klubunda çıxış edən Hakan Çalhanoğlunun gələcəyi hələ də sual altındadır.

Apasport.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçinin klubdan ayrılmaq ehtimalı ilə bağlı komandanın kapitanı Lautaro Martinez və klub prezidenti Cüzeppe Marotta münasibət bildiriblər.

Belə ki, Klublararası Dünya Çempionatı çərçivəsində "Fluminense" ilə baş tutan matçdan sonra komandanın kapitanı Lautaro Martinez jurnalistlərə verdiyi açıqlamada “İnter”də qalmaq istəməyən futbolçuların azad şəkildə ayrılmasının daha doğru olduğunu vurğulayıb:

“Kim özünü bura aid hiss etmirsə, getmək istəyirsə, buyursun, getsin. Mən bu klubun kapitanıyam və “İnter” uğrunda savaşmaq istəyirəm. Biz burda qalmaq və mübarizə aparmaq istəyənlərlə yolumuza davam edəcəyik”.

Kapitanın bu fikirləri konkret olaraq heç bir futbolçunun adını çəkməsə də, İtaliya mətbuatı açıqlamanın əsas ünvanının məhz Hakan Çalhanoğlu olduğunu qeyd edib.

Klub prezidenti Cüzeppe Marotta isə məsələ ilə bağlı daha diplomatik mövqe sərgiləyib. O, verdiyi açıqlamada Çalhanoğlunun indiyədək klub rəhbərliyi ilə rəsmi şəkildə vidalaşmaq niyyətində olmadığını deyib:

“Biz hələ Hakanla danışmamışıq. Əgər o getmək istəsə, biz bu qərara hörmətlə yanaşmağa hazırıq. Kimsə özünü burada xoşbəxt hiss etmirsə, onu zorla saxlamaq fikrində deyilik”.

O, eyni zamanda Lautaronun açıqlamasına da toxunaraq, bu fikirlərin komanda daxilində motivasiyanın, yoldaşlığın önəmini vurğulamaq məqsədi daşıdığını əlavə edib.

Xatırladaq ki, Hakan Çalhanoğlunun adı son həftələrdə Səudiyyə Ərəbistanı klubları, o cümlədən, "Qalatasaray" ilə hallanır. Yaxın günlərdə türkiyəli futbolçunun klubla görüşərək gələcəyi ilə bağlı qərar verməsi gözlənilir.

Qeyd edək ki, "İnter" ötən gecə Klublararası Dünya Çempionatı çərçivəsində "Fluminense"yə 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.