Okan Buruk: "Bəzi mövqelərdə zədəlilər və cəzalılar var"
24.11.2025 - 17:48
Okan Buruk: "Bəzi mövqelərdə zədəlilər və cəzalılar var"

"Bu, “Qalatasaray” azarkeşləri və bütün Türkiyə üçün kritik bir matçdır".

Apasport.az xəbər verir ki, bunu "cim-bom"un baş məşqçisi Okan Buruk Çempionlar Liqasının V turunda "Union"la qarşılaşmadan öncə keçirilən mətbuat konfransında deyib. 

Təcrübəli mütəxəssis Viktor Osimhenin və digər zədəlilərin vəziyyətinə aydınlıq gətirib:

"Məşqdən əvvəl onların vəziyyətinə nəzər salacağıq. Bu, hər bir komandanın başına gələ biləcək bir şeydir. Çox yaxşı heyətimiz var. Bəzi mövqelərdə zədəlilər və cəzalılar var. Kimin oynamasından asılı olmayaraq, bizim üçün ən vacib şey güclü heyətlə meydana çıxmağımızdır. Bu gün və sabah oyunçularımızın vəziyyətini izləyəcəyik". 

Okan Buruk komandanın hədəflərini açıqlayıb: 

"Bu matçda qalib gəlsək, arzularımıza doğru irəliləmək üçün həlledici qələbə olacaq. İlk hədəfimiz ilk 24-lüyə düşməkdir. İlk olaraq buna nail olmalıyıq. İkinci hədəfimiz ilk 16-ya daxil olmaq, ən böyük arzumuz isə ilk 8-likdə olmaqdır. Sabah qalib gəlsək, demək olar ki, ilk hədəfimizə çatacağıq. Məqsəd sabahkı matçda qalib gəlib hədəfimizə çatmaqdır”.

O, rəqibin standart vəziyyətlərdən çox yaxşı istifadə etdiyini bildirib: 

"Rəqibimiz "Atletiko Madrid" matçında yeganə qolu standart vəziyyətdən vurdu. Bugünkü məşqdə bunun üzərində işləyəcəyik. Keçən mövsüm biz də bu baxımdan təsirli idik. Amma bu sezon eyni səviyyədə deyilik, ona görə də məşqlərə davam edib bu yöndə inkişaf etməyə çalışacağıq".

Qeyd edək ki, "Qalatasaray" - "Union Sent-Julliaz" qarşılaşması sabah saat 21:45-də start götürəcək.