Okan Burukdan oyun qrafikinə etiraz: “Kubok matçının günü dəyişdirilməlidir”
14.12.2025 - 00:32
Okan Burukdan oyun qrafikinə etiraz: “Kubok matçının günü dəyişdirilməlidir”

“Qalatasaray” Türkiyə Super Liqasının XVI turu çərçivəsində “Antalyaspor”u 4:1 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Okan Buruk oyundan sonra keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib.

Mütəxəssis sıx oyun qrafikindən şikayətlənib: “Kubok matçının cümə axşamı gününə salınması həm "Başakşəhər"i, həm də bizi narazı saldı. Ardınca bazar günü liqa oyunu oynayacağıq. Bunun səbəbini anlamıram. "Trabzonspor" çərşənbə günü oynayacaq, liqa matçını isə bazar ertəsi keçirəcək. Biz isə cümə axşamı–bazar qrafiki ilə oynayacağıq. Bu, çox böyük bir sual işarəsidir. Bizi aydınlatsalar, çox xoşbəxt olarıq. Günü də dəyişdirsələr, sevinərik. "Başakşəhər"in də belə bir istəyi var. Tarixlərin dəyişdirilməsi üçün müraciət olunacaq".