Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Günəş yığmanın sükanı arxasına Sergen Yalçının gətirilməsinə münasibət bildirib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis Türkiyə Futbol Federasiyasının (TFF) bu qərarı verməzdən əvvəl onunla danışıqlar aparmadığını açıqlayıb.
“Mənimlə görüşmədən milli komandanın baş məşqçi postuna Sergen Yalçını gətirdilər. Xeyirli olsun. Bu qərarın doğru, yoxsa yanlış olduğunu zaman göstərəcək. Kim təyin olunursa-olunsun, o, milli komandanın baş məşqçisidir. Onun uğurlu olmasını istəyirik”, – deyə Günəş bildirib.
Qeyd edək ki, Şenol Günəş 2000–2004 və 2019–2021-ci illərdə Türkiyə millisinə rəhbərlik edib. Onun rəhbərliyi altında yığma 2002-ci il dünya çempionatında bürünc medal qazanıb.