Elçin Camallı: “Əsas hədəfimiz finala yüksəlməkdir”
11.09.2026 - 19:07
Elçin Camallı: “Əsas hədəfimiz finala yüksəlməkdir”

“Əsas hədəfimiz finala yüksəlməkdir”.

Bu sözləri Apasport.az saytına açıqlamasında “Elite Polo Club” komandasının üzvü Elçin Camallı deyib.

O, Azərbaycanda ilk dəfə keçirilən çimərlik polosu turnirindəki ilk oyunlarından danışıb:

“Azərbaycanda ilk dəfə çimərlik polosu turnirində iştirak edirik. Qum örtüyü bir qədər dərin olsa da, yaxşı hazırlaşmışdıq. İlk matç çox maraqlı alındı. Ümid edirəm ki, növbəti oyunumuzda da qələbə qazanaraq finala çıxacağıq”.

E.Camallı yarımfinalda qarşılaşacaqları Böyük Britaniyanın “Red Star” komandası barədə də fikirlərini bölüşüb:

“Növbəti matçımız İngiltərə komandası ilə olacaq. Onların oyunu əlavə dəqiqələrə qədər uzandı və gərgin mübarizə şəraitində keçdi. Yarımfinalda tam fərqli atmosfer olur. İnşallah, azarkeşlər üçün maraqlı qarşılaşma alınar və biz qələbə qazanarıq”.

Komandasının üzvü çimərlik polosunun xüsusiyyətləri və qum örtüyünün atlara təsirindən də söz açıb:

“Əvvəlcə qum örtüyü bərk görünür və oyunun sürətli keçəcəyi təəssüratı yaranır. Lakin oynadıqca qum qazılır, dərinləşir və top istiqamətini tez-tez dəyişir. Bu səbəbdən atların istiqamətini dəyişmək məcburiyyətində qalırıq. Normalda atlar 6 dəqiqədən sonra yorulursa, burada artıq 3 dəqiqəyə yorulurlar. Atların zədələnməməsi və gümrah qalmaları üçün onları hər 3 dəqiqədən bir dəyişirik”.

Qeyd edək ki, “Sea Breeze 2026” beynəlxalq çimərlik polosu turnirində “Elite Polo Club” ilk oyununda “Moscow Polo Club”u 7:3 hesabı ilə məğlub edib. Azərbaycan təmsilçisi yarımfinalda Böyük Britaniyanın “Red Star” komandası ilə qarşılaşacaq. Digər yarımfinal görüşündə isə İsveçrənin “Sankt Moritz” və “Moscow Polo Club” komandaları üz-üzə gələcək.