Reto Qaudenzi: “Bakı artıq Mayami kimi məşhur turnirlərə ev sahibliyi edir”
11.09.2026 - 17:55
Reto Qaudenzi: “Bakı artıq Mayami kimi məşhur turnirlərə ev sahibliyi edir”

“Bu, Azərbaycanda keçirilən ilk çimərlik polo turniridir”.

Bu sözləri Apasport.az saytına açıqlamasında “World Polo” şirkətinin təsisçisi və prezidenti Reto Qaudenzi deyib.

O, Azərbaycanda polo idmanının inkişafından danışıb:

“Polo ölkədə 13 il əvvəl yenidən inkişaf etməyə başlayıb və Azərbaycan bu idman növünün tarixi məkanlarından biri hesab olunur. "Sea Breeze"də təşkil olunan turnir böyük uğur qazanıb. Möhtəşəm hava, yaxşı meydança, güclü atlar və dünyanın müxtəlif ölkələrindən gələn peşəkar poloçular yarışa xüsusi ab-hava qatır.

Turnirdə Azərbaycan, İsveçrə, Rusiya və İngiltərədən dörd güclü komanda iştirak edir. Dünyada yüksək səviyyəli çimərlik polo turnirlərinin sayı azdır və Bakı artıq Mayami kimi məşhur turnirlərə ev sahibliyi edir.

Təşkilatçı olaraq əsas məqsədimiz gözəl oyun, yüksək səviyyəli idman və uğurlu turnir keçirməkdir”.

Qeyd edək ki, bu gün “Sea Breeze Resort”da Azərbaycanda ilk dəfə keçirilən “Sea Breeze 2026” beynəlxalq çimərlik polosu turnirinə start verilib. Azərbaycan Respublikası Atçılıq Federasiyası və “Sea Breeze”nin təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edir. Turnirə sentyabrın 13-də yekun vurulacaq.