Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin 7 cüdoçusu ilk yarış günündə tatami üzərinə çıxıb.
4 kişi və 3 qadın idmançımız mükafatlar uğrunda mübarizəyə başlasa da, onlardan altısı yarışla erkən vidalaşıb. Orxan Səfərov (66 kq) isə çıxışını medalla bitirib.
Kişilər
60 kq
1/16 finalda fransalı Luka Mxeidze ilə üz-üzə gələn Kəramət Hüseynov uduzaraq mübarizəni dayandırıb. İlk qarşılaşmasında Vijay Kumar Yadava (Hindistan) qalib gələn Davud Məmmədsoy 1/8 finalda dayanıb. O, qazaxıstanlı Qusman Kirqizbayevə məğlub olub.
66 kq
Nicat Şıxəlizadə 1/16 finalda Villian Limaya məğlub olub. Orxan Səfərov 1/16 finalda niderlandlı İvo Verhorstert, 1/8 finalda gürcüstanlı Baqrati Niniaşvil üzərində qələbələri sıralayıb. 1/4 finalda Erxembayar Battoqtoxu (Monqolustan) yenən cüdoçumuz yarımfinala yüksəlib. Orxan finalın bir addımlığında rusiyalı Yakub Şamilovla görüşüb və uğurlu seriyanı davam etdirə bilməyib. Təmsilçimiz bürünc medal üçün özbəkistanlı Sardor Nurillayevlə üz-üzə gəlib. Qarşılaşmanı xeyrinə bitirən Orxan 3-cü yeri tutub və qələbənin ardından əsgər salamı verib.
Qadınlar
48 kq
Aişə Qurbanlı fransalı Şirin Boukli ilə 1/16 final görüşündə mübarizəni dayandırıb. Macarıstanlı Luka Mamiraya qalib gələn Leyla Əliyeva 1/8 finalda ispaniyalı Laura Abelanda-Martinesə məğlub olub.
52 kq
Gültac Məmmədəliyeva 1/16 finalda monqolustanlı Qal-Od Tserentoqxodu, 1/8 finalda isə israilli Gefen Primonu üstələyib. 1/4 finalda isveçrəli Fabiana Koçerə uduzan cüdoçumuz təsəlliverici döyüşlərə vəsiqə qazanıb. O, bürünc medal uğrunda qarşılaşmaya yüksəlmək üçün ukraynalı Dariya Bilodidlə üz-üzə gəlib və məğlubiyyətə üzülüb.
Qeyd edək ki, Azərbaycan millisi yarışa 17 cüdoçu ilə yollanıb.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”