Adrian Skarlatake: "Mirça Rednik yenidən Azərbaycana qayıtmaq istəyir"
16.04.2025 - 12:27
Adrian Skarlatake: "Mirça Rednik yenidən Azərbaycana qayıtmaq istəyir"

Uzun illər Azərbaycanda legioner həyatı yaşamış Adrian Skarlatake apasport.az saytına müsahibə verib. 

- Daimi olaraq, Misli Premyer Liqasını izlədiyini bilirəm. Bu mövsüm böyük ehtimalla çempion “Qarabağ” olacaq. Yəqin sənin üçün gözlənilməz olmayacaq? 
- Əlbəttə, mən hər həftə Azərbaycan çempionatını izləyirəm. Ən azından nəticələrə baxıram. “Qarabağ” daimi olaraq ən yaxşı heyətə malik komandadır. Belə olan halda onların çempionluğu da normaldır, qeyri-adi bir şey yoxdur. “Qarabağ” böyük komandadır. Azərbaycan çempionatının ən komplekt komandasıdır. Bəli, yəqin ki, böyük ehtimalla çempion olacaqlar. Bildiyim qədərilə, bu mövsüm artıq çempionluğu reallaşdıra bilərlər. Onları dayandırmaq çətindir. 

- Keçmiş komandan “Zirə” haqda nə düşünürsən? Komanda 2-ci yerdədir. Hətta bu mövsüm “Qarabağ”ı da məğlub etdilər... 
- Daha əvvəl dediyim kimi, “Zirə” hər il irəliyə bir addım da atır. Hər mövsüm daha da yaxşıdırlar. Onlar peşəkar və yaxşı addımlar atırlar. “Zirə”nin tezliklə çempionluq uğrunda real şanslarla mübarizə aparacağını düşünürəm. Klubun idarə heyətinin rəhbərləri peşəkardırlar və hər şeyi yoluna qoyurlar. Əminəm ki, tezliklə avrokuboklarda yaxşı nəticələr əldə edəcəklər. Elə bu mövsüm də yaxşı çıxış etdilər. Konfrans Liqasında pley-off mərhələsinə qədər gəldilər. Növbəti mövsüm daha da yaxşı nəticələr olacağına inanıram. 

- Hazırda “Konkordiya”da çalışırsan. Azərbaycanda işləmək fikrin və ya variantın var?
- Mən bir neçə aydan sonra əldə edəcəyim UEFA A lisenziyası üçün işləyirəm. Azərbaycan mənim üçün xüsusi ölkədir və əlbəttə ki, gələcəkdə oraya məşqçi kimi qayıtmaq istərdim. Amma hazırda bütün diqqətimi Rumıniya çempionatına yönəltmişəm və lisenziyalarımı bitirməliyəm. 

- “Xəzər Lənkəran”da baş məşqçin olan Mirça Rednik Azərbaycanda işləməyə yaxındır. O, “Kəpəz”i çalışdıra bilər. Bu haqda fikrin necədir? Azərbaycan futbolunu yaxşı tanıdığın üçün, bəlkə səni də özü ilə gətirəcək... 
- Mən Mirça Redniklə bir neçə həftə əvvəl danışmışdım. O, hazırda “UTA Arad” klubunda işləyir. “Xəzər Lənkəran” kimi çox yaxşı azarkeşləri olan komandadadır. Düşünürəm ki, o, yenidən Azərbaycana qayıtmaq istəyir. Bu, onun üçün yeni çağırışdır və hesab edirəm ki, o, Azərbaycanın istənilən komandası üçün həqiqətən yaxşı seçimdir. 

- Rednik yenidən Azərbaycanda iddialı komanda qurub çempionluq mübarizəsində iştirak edə bilər? Onunla işləmək istəyərdin? 
- Əlbəttə, Rednik siz dediyiniz kimi komanda qura bilər. Onun bunun üçün böyük təcrübəsi var. Həm də futbol oyunu ilə bağlı xüsusi hisləri var. Bu, məşqçi üçün çox vacib məsələdir. O, təkcə Azərbaycanda deyil, istənilən ölkədə komanda qura bildiyi müddətcə çempionluq uğrunda mübarizə apara bilər. Təbii ki, onunla işləyə bilərəm. Bizim yaxşı münasibətimiz var və o, həqiqətən də yaxşı insan və şəxsiyyətdir.