AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib.
Apasport.az xəbər verir ki, tədbirin əvvəlində AFFA-nın texniki direktoru Edmond Klaus çıxış edib.
O, assosiasiyanın gələcək fəaliyyət istiqamətləri, futbol klubları ilə əməkdaşlığın inkişaf etdirilməsi, milli komandalar üçün oyunçu seçimi və istedadlı futbolçuların müəyyənləşdirilməsi istiqamətində görüləcək işlər barədə məlumat verib.
Tədbir zamanı skautinq sahəsində beynəlxalq təcrübəyə malik mütəxəssis Rene Moonenin Azərbaycana dəvət olunmasının əhəmiyyətindən də danışılıb. Müxtəlif futbol klublarının məşqçiləri və akademiya direktorlarının seminarda iştirakı skautinq sahəsində bilik və təcrübə mübadiləsi baxımından mühüm amil kimi qiymətləndirilib.
Seminarda Məşqçilər Komitəsinin üzvləri, AFFA-nın Futbolun İnkişafı Departamentinin Skautinq şöbəsinin əməkdaşları, eləcə də qadınlardan ibarət milli komandanın məşqçiləri iştirak ediblər.
Sonda sual-cavab sessiyası keçirilib. İştirakçıların skautinq prosesi, oyunçu seçimi və digər əlaqəli mövzularla bağlı suallarını cavablandıran Rene Moonen praktiki təcrübəsinə əsaslanan fikir və tövsiyələrini bölüşüb.