Misli Premyer Liqasının XXIII turunun "Qarabağ" - "Araz-Naxçıvan" matçından (0:2) sonra qonaqların baş məşqçisi Andrey Demçenkonun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
“Qarabağ”ı təbrik edirəm, bu gün yaxşı oynadılar. Hər komanda rəqibin ona verdiyi imkanlar daxilində oynayır. Bu gün oyunçularım “Qarabağ”a isdədikləri kimi oynamağa imkan verdilər. Bu oyunda fikrimiz başqa idi, çox pressinq edib, onlara yaxın oynamaq istəyirdik. Deyərdim ki, pressinq komanda oyunudur. Hər futbolçunu bunu etməyəndə artıq komandaya təsir edir. İlk qol oyunumuza təsir etdi. Qapıçımız topu götürməli olduğu halda alınmadı. Belə bir hal olanda rəqib oyunçulara daha çox güvən verirsiniz və nəticə belə alınır. Azarkeşlərimizdən bu cür oyuna görə üzr istəyirəm. Onlar bugünkü məyusluğa layiq deyildilər. Futbol komanda oyunudur. Bu gün bizdə iki qrup var idi. Bəziləri oynamaq, bəziləri oynamaq istəmirdi. Bugünkü məğlubiyyətə səbəbkar tək futbolçular deyil, həm də məşqçilərdir.
– Hədəf avrokuboklardır. Qarşıdan “Şamaxı” və “Karvan-Yevlax”la oyunlar gəlir. Bu görüşlərdə xal itkiləri komandaya necə təsir edər?
– Düzdür, bu cür oyundan sonra nəsə demək çətindir. Çalışacağıq ki, bərpa olaq və özümüzü göstərə bilək.
– Futbolçuların səhvlərindən danışdınız. Məşqçilər korpusunun da səhv etdiyini dediz. Ola bilər ki, əsas səhv “Qarabağ”la oyunda topla çox oynamaq istəyi idi?
– Futbolçular “Qarabağ”a qarşı oynamağın asan olmadığını bilirdi. Belə rəqiblərlə matçdan əvvəl narahatlıq olur, çəkingənlik yaranır və oyun alınmır. Yenə komandanı yığıb, səhvləri axtarmalıyıq. Belə nəticədən sonra oyunçular cərimələnəcək. Bu, rəhbərliyin tapşırığıdır.
– Düşünürsünüz ki, sanki futbolçular oynamaq istəmədi?
– Fəlsəfəmiz bütün rəqiblərə qarşı eynidir. Bəzən futbolda belə hallar olur, güclü komandalara qarşı çətinliklər yaşayırsan.
– “Araz-Naxçıvan”ın ev oyunlarını Bakıda keçirməsi nəticələrə necə təsir edir? Məsələn, elə bil, Donetsk klubu Kiyevdə oynayır…
– Çox komanda var ki, Bakıda məşq edir, Bakıda oynayır. Futbolçu və məşqçi üçün stadionun fərqi yoxdur. Naxçıvan komandasıyıq, başa düşürəm. Lakin mən gələndə də artıq Bakıda oynayırdıq.