Orxan Məmmədov: "Dünya çempionatı azarkeşlərimiz üçün əsl bayram deməkdir"
14.04.2025 - 12:54
Orxan Məmmədov: "Dünya çempionatı azarkeşlərimiz üçün əsl bayram deməkdir"

"Dünya çempionatı azarkeşlərimiz üçün əsl bayram deməkdir".

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov Dünya Minifutbol Federasiyasının rəsmi saytına açıqlamasında deyib.

Qurum rəhbəri mayda Bakıda keçiriləcək dünya çempionatına hazırlıqlardan bəhs edib:

“İlk olaraq qeyd edim ki, Azərbaycan Minifutbol Federasiyası bu idman növünün ölkəmizdə inkişaf etməsi və populyarlaşması üçün ciddi işlər görür. Federasiyamız dünya və Avropa minifutbol federasiyaların fəal üzvü kimi bir çox tədbirlər və konfranslarda fəal iştirak edir və təcrübə mübadiləsi aparır. Yarandığı gündən etibarən federasiya milli komandamızın 3 Avropa çempionatı və dünya çempionatında iştirakını təmin edib. Bundan başqa, komandamızn Avropa çempionu olduqdan sonra 2022-ci il iyunun 14-də Prezident İlham Əliyev millimizin üzvlərini qəbul edib. Məhz ölkə rəhbərinin belə diqqətinin nəticəsidir ki, hazırda insanlar minifutbola ciddi maraq göstərirlər. Gündən-günə daha çox insan və hətta peşəkar futbolçu olmayanlar da minifutbola üz tuturlar. Azərbaycan olduqca böyük, beynəlxalq yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edib. Belə böyükmiqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi heç də təsadüfi deyil. Bu, əlbəttə, Azərbaycanın qazandığı uğurların, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında əldə etdiyi nüfuzunun ifadəsidir. Mundial ölkəmizdə böyük səbrsizliklə gözlənilir. Dünya çempionatı azarkeşlərimiz üçün əsl bayram deməkdir".

O, Bakıdakı mundialın özünəməxsus iz buraxacağını qeyd edib:

“Artıq Azərbaycan dünyada həm də beynəlxalq idman yarışlarının, dünya və Avropa çempionatlarının keçirildiyi unikal məkan statusuna da sahiblənib. Elə il yoxdur ki, ölkəmizdə hansısa beynəlxalq idman yarışı keçirilməsin. Hazırda isə idman ölkəsi daha bir nüfuzlu yarışı - minifutbol üzrə dünya çempionatını qəbul etməyə hazırlaşır. Əlbəttə, çətinliklərin olması təbiidir. Olduqca məsuliyyətli vəzifəni öhdəmizə götürmüşüksə, heç bir çətinlikdən çəkinməməliyik. Artıq hazırlıqların son mərhələsindəyik. Bu günə kimi hər şey plan üzrə davam edir. Azarkeşlər nəinki Milli Gimnastika Arenasında keçirilən möhtəşəm açılış mərasiminin və gözəl oyunların, həm də paralel olaraq Bakı bulvarında keçiriəcək maraqlı və əyləncəli tədbirlərin şahidi olacaqlar. Əminəm ki, həmin günlərdə hava şəraiti də yaxşı olacaq və azarkeşlərin Bakının gözəl yerləri ilə tanış olmasına şərait yaradacaq. İnanıram ki, Bakıdakı mundial dünya minifutbol tarixində özünəməxsus iz buraxacaq”.

Məmmədov qısa müddətdə kütləviliyə nail olduqlarını nəzərə çatdırıb:

“Bizim ölkədə böyük futbol qədər minifutbol da çox sevilir. Bu idman növünə maraq komandamızın Avropa çempionluğundan sonra daha da artıb. İndi bizim federasiyaya məxsus meydançalarımızda uşaqdan-böyüyə hər kəs minifutbol oynayır. Qısa müddətdə inanılmaz kütləviliyə nail olmaq bizi sevindirir. Azarkeşlərimiz isə bizi hər zaman dəstəkləyirlər. Məsələn, 2023-cü ilin mayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirildi. Həmin yarışda müxtəlif ölkələrdən 10 komanda iştirak etdi. Bakı Tennis Akademiyasında keçirilən oyunlarda azarkeşlər millimizə möhtəşəm dəstək göstərdilər. Bu dəstək komandanın uğurlarına ciddi təsir göstərdi. Dünya çempionatında da onların güclü dəstəyini hiss edəcəyimizə əminəm”.

AMF-nin prezidenti sonda bütün azarkeşləri paytaxtımıza dəvət etdiklərini vurğulayıb:

"Digər ölkələrdən olan azarkeşləri Bakıda görməkdən məmnun olacağıq. Bizim ölkəmiz olduqca qonaqpərvər yerdir. Ən əsası isə gözəl və tam təhlükəsiz ölkədir. Bütün azarkeşləri paytaxtımıza dəvət edirik. Onlar nəinki gözəl oyunların şahidi olacaqlar, həmçinin Azərbaycanın fərqli mədəniyyəti və insanları ilə tanış olmaq imkanı əldə edəcəklər. İnanıram ki, Bakıdakı dünya çempionatı onların yaddaşında ən unudulmaz mundiallardan biri kimi qalacaq. Komandaların hər birinə isə uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycan yığması dünya çempionatının A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq. 32 komandanın iştirak edəcəyi mundial mayın 21-dən iyunun 1-dək təşkil olunacaq.