“Qəbələ”nin ispan futbolçusu: “Qarabağ” "Atletik"lə oyunda yaxşı nəticə əldə edə bilər"
20.10.2025 - 13:57
“Qəbələ”nin ispan futbolçusu: “Qarabağ” "Atletik"lə oyunda yaxşı nəticə əldə edə bilər"

“Qəbələ”nin ispan futbolçusu Xayme Sierra apasport.az saytına müsahibə verib.

- “Qəbələ" "İmişli" ilə görüşdə 2:2 oynadı. Halbuki, qələbəyə yaxın idiniz. Nəticə sizi razı saldı?
- Əlbəttə ki, nəticə bizi razı salmadı. Çünki biz qalibiyyətə yaxın idi. Təəssüf ki, belə alındı. Mənə elə gəlir ki, “İmişli” ilə matçda iki xal itirdik. 

- 2:0 qalib gəlirdiniz. Amma "İmişli" ardıcıl qollar vurdu. Səncə, nə baş verdi? Rəqibin qarşısını niyə ala bilmədiniz?
- Düşünürəm ki, 2:0 kimi əla hesab əldə etdiyimiz anda bizə təcrübəsizlik mane oldu. Yəni bu cür vəziyyətdə necə oynayacağımızı bilmək üçün təcrübəmiz yox idi. Amma ümid edirəm ki, növbəti dəfə bundan dərs alacağıq. Çünki yaxşı oynadıq. 

- Bir xal sizi razı salmadı hər halda...
- Elədir. Düşünürəm ki, 2 xal itirdik. Bu, bütün komandanın hiss etdiyi idi. 

- Baş məşqçiniz bundan əvvəlki turda mətbuat konfransında bildirdimişdi ki, oyunçu seleksiyası doğru getməyib. Baş məşqçinizin bu cür fikirləri, müsahibəsi futbolçulara necə təsir edir? Sizə pis təsir etdi, yoxsa motivasiya verdi?
- Xeyr, elə də yox. Mən o şeylərə qarışmamağa, kənarda qalmağa üstünlük verirəm. Mən baş məşqçimizdən, oyun tərzimizdən və göstərdiyimiz oyun səviyyəsindən razıyam. Sadəcə səhvləri minimuma endirməliyik. Düşünürəm ki, mövsüm irəlilədikcə komanda yaxşılaşacaq. Çünki biz yaxşı futbol oynayırıq.

- “Qəbələ" hazırda 10-cu pillədədir. Bu nəticə sizi razı salır? “Qəbələ"nin maksimum gücü budur?
- Komandanın böyük potensialı var. Əminəm ki, oyunlar keçdikcə daha da yaxşılaşacağıq. Çünki perspektivi olan komandayıq.

- Növbəti turda "Neftçi" ilə qarşılaşacaqsınız. Onlar haqda hansı fikirdəsən? Vensan Abubakarı transfer etdilər. Bu haqda fikrin necədir?
- “Neftçi" böyük oyunçuları olan böyük klubdur. Lakin biz evdə oynayırıq və biz ora qələbə mentaliteti ilə gedərək üç xalı götürməyə çalışacağıq.

- Artıq 8 turda meydana çıxmısan. Xorvatiya, Belçika və Azərbaycan Premyer Liqalarını necə müqayisə edərdin? Hansı daha güclüdür?
- Mən müqayisə etməyi sevmirəm və hər liqanın yaxşı həm pis tərəfləri var. Amma Azərbaycan çempionatı getdikcə böyüyür və yaxşı oyunçularla yüksək səviyyəli performans var.

- Yeri gəlmişkən, "Qarabağ" "Atletik"(Bilbao) ilə oynayacaq. Səncə, "Qarabağ" ÇL-də 3-cü qələbəsini qazana biləcək? Həmyerlilərin, yoxsa "Qarabağ" güclüdür?
- “Atletik”(Bilbao) yaxşı nəticələr qazanmır. Düşünürəm ki, “Qarabağ” yaxşı nəticə əldə edə bilər. Hər halda, görəcəyik, oyuna az qalıb.