“Sumqayıt”ın qapıçısı: DEMƏZDİM Kİ, bu, ən yaxşısı idi
21.09.2026 - 09:20
“Sumqayıt”ın qapıçısı: DEMƏZDİM Kİ, bu, ən yaxşısı idi

"Sumqayıt"ım qapıçısı Marko Yohansson "Apasport"a müsahibə verib.

O, "Kəpəz"lə matçdan (1:1) sonra sualları cavablandırıb.

– Qarşılaşmanı necə dəyərləndirərsən?
– Çox templi oyun alındı. Yaxşı çıxış etdik. Qələbə qazanmaq üçün şanslarımız da var idi. Amma bəzi məqamlarda səhvlərə yol verdik və rəqib də bundan yararlandı. Ümumilikdə isə təəssüratlarım müsbətdir, özümü yaxşı hiss edirəm.

– Stadiondakı ab-hava barədə nə deyə bilərsən?
– Mən 21 yaşımdan peşəkar səviyyədə çıxış edirəm. Almaniyada, İsveçdə, İranın “Traktor” komandasında çıxış etmişəm. Xüsusən, 2015/2016 mövsümündə Almaniyada yüksək ab-havalı oyunlar görmüşəm. Bütün bunlara görə də deməzdim ki, Gəncə Stadionundakı ən yaxşısı idi. Bəzən kənardan mənə söz atırdılar. Əhəmiyyət vermədən keçir, öz işimi görürdüm. Bu cür azarkeşlər, əksinə, enerjimi qaldırır, mənə pozitiv təsir göstərirlər.

– Son dəqiqələrdə qurtarışların oldu. Komandaya nə qədər qatqın olduğunu düşünürsən?
– Mən bura “Sumqayıt”a kömək etmək üçün gəlmişəm. Düşünürəm ki, bu gün necə oyunçu olduğumu və keyfiyyətimi göstərə bildim. Lakin digər tərəfdən, qurtarışlar etmək mənim işimdir. Bacardığımı etdim.