“Qızıl medalı da qazana bilərdik” - Azərbaycan yığmasının üzvü
15.06.2015 - 19:08
“Qızıl medalı da qazana bilərdik” - Azərbaycan yığmasının üzvü

“Bu yarışlara çoxdan hazırlaşırdıq. Fikrimcə, hətta birinci və ya ikinci yeri də tuta bilərdik”. Bunu apasport.az saytına idman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan yığmasının üzvü Petro Paknyuk deyib.

 

Bakı-2015 I Avropa Oyunlarında bürünc medal qazanan millimizin idmançısı daha uğurlu nəticəyə zədələrin imkan vermədiyini söyləyib: “Yarışın müəyyən mərhələlərində zədələrimiz ilk iki yerdən birini tutmağa imkan vermədi. Ancaq 3-cü yeri də alın təri və qanımız bahasına qazandıq. Ən çətin rəqiblərimiz Rusiya və Ukrayna idmançıları idi. Yarışın sonları isə bizim üçün ən həyəcanlı mərhələ oldu. Çünki medal taleyimiz Belarus idmançılarının nəticəsindən asılı idi”.

 

İdmançı Avropa Oyunlarını şərh edərək bildirib ki, bu yarış çox gözəl təşkil olunub. Atletlər Kəndindəki şəraiti tərifləyən Paknyuk ordakı yeməkləri xüsusi vurğulayıb: “Hətta bəzən ordakı yeməklərdən imtina edə bilmirəm. Halbuki, onlar bir idmançı kimi mənə olmaz”.