[b]AÇ-nin uğur mexanizmi[/b]
08.06.2016 - 13:09
[b]AÇ-nin uğur mexanizmi[/b]

Futbolda qapı xətti ən etibarlı mövqe sayılır. Apasport.az saytının məlumatına görə, bütün dünyada “qapıçı komandanın yarısıdı” fikri əbəs yerə yayılmayıb.   

 

Belə ki, hücumçunun səhvini yarımmüdafiəçi, yarımmüdafiəçinin səhvini müdafiəçi, müdafiəçinin isə səhvini isə qapıçı sığortalamağa çalışırsa, çərçivə qoruyucusunun səhvlərini sığortalayan olmur. Bu mənada, ən məsuliyyətli mövqe kimi, məhz qapı xəttini adlandırmaq olar.

 

Digər amplualarda çıxış edən futbolçunun yaşı artdıqca onda zəifləmə müşahidə olunduğu halda, qolkiperlərdə belə deyil. Təsadüfi deyil ki, qapıçıları yaxşı çaxıra bənzədirlər. Çaxır kimi, onlar da ildən-ilə daha keyfiyyətli olurlar. Bu isə qapıçıların təcrübəsinin artması ilə əlaqədardı.

 

Avropa çempionatlarının tarixinə nəzər salsaq, adətən təcrübəli qapıçıların çempion olduğunu görərik. Qalib qolkiperlərin orta göstəricisi - 29 yaş 94 gündü. İki gün sonra start götürəcək qitə birinciliyində bu göstəriciyə 3 qapıçı uyğun gəlir. Bunlar Uqo Lloris (Fransa, 29 yaş 197 gün), Co Hart (İngiltərə, 29 yaş 82 gün) və Manuel Noyerdi (Almaniya, 30 yaş 105 gün).
 

UEFA-nın araşdırması nəticəsində məlum olub ki, 1960-cı ildə keçirilən ilk Avropa çempionatından tutmuş bu vaxta qədərki bütün yarışlarda yaşı 25-dən aşağı olan cəmi 1 qapıçı çempion adını qazanıb. Söhbət ispaniyalı qolkiper Xose Anxel İribardan gedir. 1964-cü ildəki qitə birinciliyində o, 21 yaşında kuboka sahib çıxıb. Bu vaxta qədər baş tutmuş 14 Avropa çempionatından 6-da yaşı 30-dan çox olan qapıçı birincilik sevincini yaşayıb. Onların arasında ən təcrübəlisi isə Almaniya yığmasının heyətində AÇ-1996-nın çempionluğunu qazanmış Andreas Köpke olub.

 

Avropa çempionatlarının qalibi olmuş qapıçılar (final günü)

1960: Lev Yaşin (SSRİ) – 30 yaş 262 gün

1964: Xose Anxel İribar (İspaniya) – 21 yaş 112 gün

1968: Dino Zoff (İtaliya) – 26 yaş 103 gün

1972: Zepp Mayer (Almaniya) – 28 yaş 111 gün

1976: İvo Viktor (Çexiya) – 34 yaş 30 gün

1980: Harald Şumaxer (Almaniya) – 26 yaş 108 gün

1984: Joel Bat (Fransa) - 27 yaş 175 gün
1988: Hans vан Brekelen (Hollandiya) - 31 yaş 265 gün
1992: Peter Şmeyxel (Danimarka) - 28 yaş 221 gün
1996: Andreas Köpke (Almaniya) - 34 yaş 110 gün
2000: Fabyen Bartez (Fransa) - 29 yaş 4 gün
2004: Antonis Nikopolidis (Yunanıstan) - 33 yaş 172 gün
2008: İker Kasilyas (İspaniya) - 27 yaş 40 gün
2012: İker Kasilyas (İspaniya) - 31 yaş 42 gün

 

AÇ-2016-nın çempion ola biləcək ən gənc qapıçıları (final günü)

Serxio Riko (İspaniya) – 22 yaş 313 gün

Denni Uord (Uels) – 23 yaş 16 gün

Nikita Şevçenko (Ukrayna) – 23 yaş 166 gün

Tomaş Koubek (Çexiya) – 23 yaş 319 gün

Tibo Kurtua (Belçika) – 24 yaş 50 gün

Mark-Andre ter Ştegen (Almaniya) – 24 yaş 71 gün

Bernd Leno (Almaniya) – 24 yaş 128 gün

Patrik Karlqren (İsveç) - 24 yaş 184 gün

 

İspaniya yığmasının qapıçısı İker Kasilyas Avropa çempionatının qızıl medalını 2 dəfə qazanmış yeganə qolkiperdi. Əgər Visente del Boskenin komandası yenə eyni uğuru təkrarlasa, Kasilyas Avropa çempionu adını qazanmış ən yaşlı çərçivə qoruyucusu olacaq. Pireney təmsilçisi finala çıxsa, həmin vaxt Kasilyas 35 yaş 51 günlüyündə olacaq.

 

AÇ-2016-nın ən yaşlı qapıçıları (final günü)
Qabor Kiray (Macarıstan) – 40 yaş 101 gün

Şey Given (İrlandiya) - 40 yaş 81 gün
Orqes Şexi (Albaniya) – 38 yaş 290 gün

Roy Kerroll (Şimali İrlandiya) - 38 yaş 285 gün

Canluici Buffon (İtaliya) - 38 yaş 164 gün
Jan-Fransua Jiye (Belçika) - 37 yaş 41 gün
Artur Boruts (Polşa) - 36 yaş 141 gün

İker Kasilyas (İspaniya) - 35 yaş 51 gün