Azərbaycan avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında stend atıcılığı növündə təmsil olunmayacaq. Bu barədə məlumatı apasport.az saytına yığmamızın baş məşqçisi Hafiz Cəfərov verib.
O bildirib ki, ölkəmiz üçün verilən “wild card”la Olimpiadaya güllə atıcısı Ruslan Lunyov yollanacaq: “Adətən ya güllə, ya da stend atıcımız 1 lisenziya qazanırdı. Bu dəfə isə bu olmadı və ümidimizi “wild card”a bağladıq. Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (İSSF) da bütün ölkələr kimi bizə 1 “güzəştli kart” verdi. Azərbaycan Atıcılıq Federasiyası da qərara aldı ki, ölkəmiz Rioda güllə atıcılığında təmsil olunsun. Bu səbəbdən də iştirak hüququnu Lunyova verdik”.
Cəfərov ardıcıl ikinci dəfə Olimpiya Oyunlarına qatılmadıqları üçün təəssüfünü də gizlətməyib: “Bəli, belə olacağını istəməzdik. Buna çox təəssüf edirəm”.
Qeyd edək ki, Azərbaycan Atlanta-1996, Sidney-2000, Afina-2004 və Pekin-2008-də stend atıcılığında təmsil olunub. Burada son 3 Olimpiadada yığmamızın şərəfini Zemfira Meftahətdinova qoruyub ki, o da Sidneydə qızıl, Afinada bürünc medal qazanıb. Hazırda onun layiqli davamçısı yoxdu.